“Financial Times” qəzetinin dörd mənbəyə istinadən yaydığı məlumata görə, Böyük Britaniyanın Maliyyə Nazirliyi supermarketlərə təzyiq göstərərək onları çörək, yumurta və süd kimi əsas ərzaq məhsullarına könüllü qiymət məhdudiyyətləri tətbiq etməyə çağırır.
Mənbələrin sözlərinə görə, buna cavab olaraq Leyborist Partiyası üzvlərinin formalaşdırdığı hökumət qablaşdırma və mağaza rəflərində zərərli qidaların çeşidi ilə bağlı bir sıra tələbləri yumşaltmağa söz verir. Məqalədə qeyd olunur ki, məmurlar belə güzəştlər nəticəsində qənaət ediləcək vəsaitin ərzaq qiymətlərinin artdığı bir şəraitdə əsas məhsullar üzrə qiymətlərin nəzarətdə saxlanılmasına yönəldilə biləcəyini bildirirlər.
Nəşrin həmsöhbətlərinin məlumatına görə, supermarket şəbəkələrinin rəhbərləri bu təklifə son dərəcə mənfi reaksiya veriblər. Belə ki, hökumətin mağazalarda qiymət məhdudiyyətlərini nəzərdən keçirdiyi Şotlandiyada ərzaq pərakəndəçilərinin nümayəndələri bu ideyanı 1970-ci illərin üsullarına bənzədiblər. Həmin dövrdə yüksək inflyasiya və neft böhranı səbəbindən hökumət bir sıra məhsullar üzrə qiymət nəzarəti tədbirləri tətbiq etmişdi, lakin sonradan bu tədbirlər uğursuz hesab edilərək ləğv olunmuşdu.
Aprelin yekunlarına əsasən, ABŞ və İsrailin İrana endirdiyi zərbələr fonunda Böyük Britaniyada ərzaq inflyasiyası 3,7%-ə yüksəlib ki, bu da ölkədə qiymət artımına səbəb olub. Mayın 19-da “RAC” şirkəti bildirib ki, Böyük Britaniyada benzinin orta qiyməti münaqişənin başlanmasından bəri rekord həddə çatıb — bir litr qurğuşunsuz benzinin qiyməti 1,5852 funt sterlinq (2,12 dollar) təşkil edir. Halbuki fevralın 28-dək bu göstərici 1,32 funt sterlinq (1,77 dollar) idi.







