“Threads” sosial şəbəkəsinin aylıq aktiv istifadəçi auditoriyası 500 milyona çatıb. Müqayisə üçün qeyd edək ki, “Threads” 2025-ci ilin avqustunda 400 milyon aylıq aktiv istifadəçi həddini keçmişdi. İlk 100 milyon istifadəçiyə isə 2023-cü ilin payızında çatmışdı. Şirkət aktiv istifadəçi hesab edilən şəxslərin hansı meyarlarla müəyyənləşdirildiyini açıqlamayıb.
“Bloomberg” agentliyinin qeyd etdiyi kimi, “Threads”in sürətli böyüməsində “Meta” şirkətinin digər məhsulları, xüsusilə də “Instagram” ilə sıx inteqrasiyası mühüm rol oynayır. Məsələn, “Instagram” lentində “Threads” paylaşımları göstərilir və istifadəçilər birbaşa həmin platformaya keçə bilirlər.
“X” sosial şəbəkəsinin analoqu kimi yaradılan “Threads” tətbiqi 2023-cü ilin iyulunda istifadəyə verilib. Avqust ayında onun veb-versiyası istifadəyə açılıb, dekabrda isə xidmət Avropa ölkələrində də fəaliyyətə başlayıb.
İlon Mask 2024-cü ilin mayında bildirmişdi ki, “X” platforması aylıq 600 milyon aktiv istifadəçiyə malikdir. Şirkət aylıq aktiv istifadəçi sayını rəsmi olaraq açıqlamasa da, müxtəlif qiymətləndirmələrə görə bu göstərici hazırda təxminən 560 milyon nəfər təşkil edir.






