Politico: ABŞ Hörmüz boğazından ödənişli keçid imkanını müzakirə edir

ABŞ administrasiyası neft tankerlərinin Hörmüz boğazından hərəkətinin bərpası üçün müxtəlif tədbirləri, o cümlədən Amerika hərbi gəmilərinin müşayiəti altında ödənişli keçid mexanizminin tətbiqini müzakirə edir. Bu barədə mənbələrə istinadən “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev ABŞ və İran arasında davam edən danışıqlar fonunda gəmi sahiblərini və sığorta şirkətlərini yenidən Hörmüz marşrutundan istifadə etməyə təşviq edə biləcək variantları nəzərdən keçirir.

Müzakirə olunan təkliflərdən biri gəmilərə əlavə ödəniş müqabilində boğazdan sürətləndirilmiş keçid imkanı verən xüsusi “VIP-keçid” sisteminin yaradılmasıdır. Bu keçid ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müşayiəti ilə həyata keçirilə bilər. “Politico” qeyd edir ki, məsələ ilə bağlı hələlik yekun qərar qəbul olunmayıb.

Analitik şirkət “Kpler”in məlumatına əsasən, Hörmüz boğazının girişində yerləşən Fars körfəzində təhlükəsiz keçid gözləyən təxminən 500 gəmi, o cümlədən 220 neft tankeri qalmaqdadır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının yenidən gəmiçilik üçün açıldığını bəyan etmişdi. Bununla belə, bir çox gəmi sahibi regionda vəziyyətin yenidən gərginləşə biləcəyindən ehtiyat edərək ehtiyatlı mövqe tutmağa davam edir.

Böhrandan əvvəl dünya üzrə neft tədarükünün təxminən 20%-i Hörmüz boğazından keçirdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər