Ursula fon der Leyen 2029-cu ildə keçiriləcək seçkilərdə üçüncü müddət üçün namizədliyini irəli sürməyəcək. Bu barədə “Politico” nəşri iki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, fon der Leyenin aparat rəhbəri və yaxın silahdaşı Byorn Zaybert yüksəkvəzifəli rəsmilərlə keçirilən qapalı şam yeməyində Avropa Komissiyası sədrinin səlahiyyət müddətinin uzadılmasına çalışmayacağını bildirib.
Mənbələrin sözlərinə görə, bu bəyanat Avropa Komissiyasında departamentlərin yenidən strukturlaşdırılması fonunda hakimiyyətin sədrin əlində cəmləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədi daşıyıb. Məlumata görə, Aİ-də hazırda müzakirə olunan və rəhbəri Kaja Kallas olan Xarici Fəaliyyət Xidmətinin islahatı təşəbbüsünün arxasında da fon der Leyen dayanmış ola bilər.
“Politico”nun fon der Leyenin üçüncü müddətə namizəd olmaq planları ilə bağlı sualını cavablandıran Avropa Komissiyasının nümayəndəsi bildirib ki, o, hazırda bütün diqqətini mövcud mandatına və Avropanın qarşısında duran əsas çağırışlara yönəldib. Bu məsələlərə G7 sammiti və bu həftə keçiriləcək Avropa Şurasının iclası da daxildir.
Ursula fon der Leyen 2019-cu ildə Avropa Komissiyasının sədri vəzifəsinə seçilərək bu posta gələn ilk qadın olub. O, 2024-cü ildə daha bir beşillik müddətə yenidən seçilib. Onun 2029-cu ilədək olan fəaliyyət proqramının əsas prioritetlərindən biri Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması və hərbi potensialın genişləndirilməsidir.







