“Prix Versailles” memarlıq müsabiqəsinin münsiflər heyəti dünyanın ən gözəl hava limanlarının illik siyahısını dərc edib. Siyahıya təşkilatçıların sözləri ilə desək, köhnəlmiş standartlardan imtina edərək səyahətlərə “daha zəngin və harmonik baxış” təqdim edən yeddi terminal daxil edilib.
Reytinqə Quançjou-Bayyun Beynəlxalq Hava Limanı başçılıq edir. Linnan mədəniyyətindən ilhamlanan layihədə bulud, su və çiçək motivləri istifadə olunub. Terminalın əsas xüsusiyyətlərindən biri isə Çindəki ən hündür açıq müşahidə terrasının burada yerləşməsidir.
İkinci yerdə Frankfurt Hava Limanı qərarlaşıb. Yeni terminal canlı şəhər məhəlləsi konsepsiyasında layihələndirilib: körpülər və çıxış qapıları küçə və meydanları xatırladır, interyerdə isə yura dövrünə aid əhəngdaşı və travertin istifadə olunub.
Üçüncü pillədə Hindistanın Quvahati şəhərində yerləşən Lokapriya Qopinath Bordoloi adına hava limanı yer alıb. Memar Nuru Karim layihədə bambuk, bionik dizayn və Brahmaputra çayının motivlərindən istifadə edib.
Siyahıya həmçinin Hindistanın Navi Mumbay hava limanının yeni terminalı daxil edilib. Məşhur “Zaha Hadid Architects” bürosunun hazırladığı layihə lotus çiçəyindən ilham alıb və interaktiv rəqəmsal incəsənət proqramı ilə tamamlanıb.
Kambocanın paytaxtı Pnompendə yerləşən Texo Beynəlxalq Hava Limanı isə keçmişlə gələcəyi birləşdirən memarlığı ilə seçilib. Tavanlar ənənəvi bambuk və rattan səbət toxunuşlarını xatırladır, dam konstruksiyası isə Kambocanın saray və məbədlərinin siluetlərinə istinad edir.
ABŞ-dən iki hava limanı da ilk yeddiliyə daxil olub. Pittsburq Beynəlxalq Hava Limanının terminalında memarlar ağac formasında 38 polad sütun quraşdıraraq regionun meşələrini xatırladan örtük yaradıblar.
Siyahını San-Diyeqo Beynəlxalq Hava Limanı tamamlayır. ABŞ-nin ən intensiv istifadə olunan uçuş-enmə zolaqlarından birinə malik hava limanında 244 metrlik şüşə fasad və sərnişinlər üçün açıq istirahət terrasları olan yeni terminal istifadəyə verilib.
Xatırladaq ki, Dubai Beynəlxalq Hava Limanı 2025-ci ilin yekunlarına görə dünyanın ən işlək hava limanı statusunu qoruyub saxlayıb. Hava limanı il ərzində rekord həddə — 95,2 milyon sərnişinə xidmət göstərib.




















