“Bloomberg”, “Reuters” və “Financial Times” mənbələrə istinadən yazır ki, “SpaceX” 20 milyard dollar həcmində istiqraz yerləşdirməyi planlaşdırır.
Məlumata görə, şirkət vəsait cəlbinə 22 iyun 2026-cı il həftəsində başlaya bilər. İlkin şərtlərə əsasən, istiqrazların ödəmə müddəti 10 il təşkil edəcək. Onların illik gəlirliliyinin ABŞ dövlət xəzinədarlıq istiqrazlarının gəlirliliyindən 1,35–1,5 faiz bəndi yüksək olacağı gözlənilir.
Cəlb ediləcək vəsaitin əsas hissəsi “SpaceX”in 2026-cı ilin əvvəlində “xAI” və “X” sosial şəbəkəsini almaq üçün götürdüyü kreditin yenidən maliyyələşdirilməsinə yönəldiləcək.
İyunun 11-də “SpaceX” “Nasdaq Global Select Market” və “Nasdaq Texas” birjalarında hər biri 135 dollar qiymətində 555,6 milyon səhm yerləşdirərək 75 milyard dollar cəlb edib. SPCX tikeri altında ticarətə iyunun 12-də başlanılıb və səhmlər ilk gün 150 dollar səviyyəsində açılıb.
Şirkət iyunun 15-də əlavə yerləşdirmə hesabına IPO zamanı cəlb etdiyi vəsaitin həcmini 85,7 milyard dollara çatdırdığını açıqlayıb. İyunun 16-da isə SpaceX 60 milyard dollar dəyərində süni intellekt xidməti “Cursor”u satın aldığını elan edib.







