ABŞ-nin vitse-prezidenti Di Cey Vens bildirib ki, Hörmüz boğazı gəmiçilik üçün yenidən açılıb. Onun sözlərinə görə, bölgədə dəniz nəqliyyatının bərpası artıq neft və qaz qiymətlərinə təsir göstərib.
“Qaz və neft qiymətlərinin aşağı düşdüyünü görürük. Milyonlarla barel neft və təbii qaz yenidən Hörmüz boğazından keçir, halbuki əvvəllər bu mümkün deyildi. Eyni zamanda, biz Hörmüz boğazının minalardan təmizlənməsi üçün koordinasiya mexanizmi yaratdığımızdan əmin olmaq istəyirdik”, – deyə Vens mətbuat konfransında bildirib.
ABŞ-nin vitse-prezidenti həmçinin İsveçrədə ABŞ və İran arasında keçirilən texniki danışıqların uğurla keçdiyini qeyd edib. Danışıqların ilk raundu iyunun 21-də Bürqenştokda baş tutub. Siyasətçinin sözlərinə görə, tərəflər arasında təmaslar “qarşıdakı günlər və həftələr ərzində” davam edəcək.
Vens ayrıca İsrail ilə Livanın şiə hərəkatı olan Hizbullah arasında gərginliyin artmasının qarşısını almaq məqsədilə üzərində işlənən “dekonfliktasiya mexanizmi”ndən də danışıb.
Xatırladaq ki, iyunun 20-də İran hakimiyyəti Hörmüz boğazını bağlamaq qərarı vermişdi. Bu addım İsrail ordusunun Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq atılmışdı. Tehran həmin hücumları İran və ABŞ arasında iyunun 18-nə keçən gecə imzalanmış memorandumun birinci bəndinin — Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması öhdəliyinin pozulması kimi qiymətləndirmişdi.







