Qitanas Nauseda Litva Nazirlər Kabinetinin istefasını qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Prezident Baş nazir İnqa Ruqienenin rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefasını qəbul edib və yeni hökumət formalaşdırılanadək mövcud kabinetə öz vəzifələrini icra etməyi tapşırıb”, – məlumatda deyilir.
Dövlət başçısı 15 gün ərzində Litva parlamentinə Baş nazir postuna yeni namizəd təqdim etməlidir. Hakim çoxluq bu vəzifəyə Litva Sosial Demokrat Partiyasının lideri Mindauqas Sinkeviçyusun namizədliyini irəli sürüb.
Əgər parlament prezidentin təklifini təsdiqləsə, təyin olunmuş Baş nazir növbəti 15 gün ərzində hökumətin tərkibini və fəaliyyət proqramını parlamentə təqdim etməlidir.
Ruqienenin kabineti hakim koalisiyada baş verən dəyişikliklərlə əlaqədar istefa verməyə məcbur olub. Koalisiyanın yenidən formalaşdırılması məsələsi Litva Sosial Demokrat Partiyasının iyunun əvvəlində “Nemunas şəfəqi” partiyası ilə əməkdaşlığı dayandırmaq qərarından sonra gündəmə gəlib. Sosial-demokratlar həmin partiyanı populist siyasət yürütməkdə ittiham ediblər.
Koalisiyaya yeni tərəfdaş kimi “Litva naminə demokratlar” partiyası qoşulub. Bu dəyişikliklər çərçivəsində hökumətin “yenidən qurulması” barədə qərar qəbul edilib.







