Financial Times: Venesuelanın dövlət borcu 240 milyard dollara çata bilər

Venesuela hökuməti dövlət borcunun 240 milyard dollar olduğunu açıqlamağa hazırlaşır. Financial Times (FT) mənbələrə istinadən yazır ki, bu, ABŞ-nin dəstəyi ilə prezident Nikolas Maduro hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ölkənin tarixində ən böyük suveren borc restrukturizasiyasının başlanğıcı olacaq.

Beləliklə, dövlət borcunun həcmi hazırkı 150–200 milyard dollar aralığında dəyişən qiymətləndirmələrdən xeyli yüksək ola bilər.

Məlumata görə, borcla bağlı məlumatlar yaxın həftələrdə müvəqqəti hökumətin rəhbəri Delsi Rodrigez tərəfindən kreditorlara təqdim ediləcək.

Hökumət maliyyə məsləhətçisi kimi Centerview Partners investisiya bankını cəlb edib. Bank dövlət borcunun dayanıqlı səviyyəyə qaytarılması planını hazırlayıb.

İnvestisiya bankının qiymətləndirməsinə görə, Venesuelanın hazırkı ümumi daxili məhsulu (ÜDM) 110 milyard dollar təşkil edir. Müqayisə üçün, Hugo Chávez hakimiyyətdə olduğu 2012-ci ildə ölkənin ÜDM-i təxminən 370 milyard dollar idi.

FT-nin qeyd etdiyi kimi, hazırda Venesuelada dövlət borcunun ÜDM-ə nisbəti 200%-i aşır.

Restrukturizasiyanın miqyasına görə Venesuela 2012-ci ildə baş vermiş və 200 milyard dollar həcmində olan Yunanıstanın rekord defoltunu belə geridə qoya bilər.

Ekspertlər hesab edirlər ki, restrukturizasiya prosesi olduqca mürəkkəb olacaq. Buna səbəb Venesuelanın müxtəlif növ borclarının mövcudluğu və Karakasın borc öhdəliklərinə xidmət etməyi dayandırmasından sonra uzun müddətin keçməsidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər