2026-cı ilin yanvar-may aylarında Azərbaycanda könüllü həyat sığortası bazarı artımını davam etdirib. Bu seqment üzrə sığorta haqları illik müqayisədə 13.9% artaraq 421.94 mln. manata, sığorta ödənişləri isə 41.3% yüksələrək 286.98 mln. manata çatıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bazarın əsas hissəsini təşkil edən həyatın yaşam sığortası üzrə yığımlar 13% artaraq 399.30 mln. manat olub. Bu sinif üzrə ödənişlər isə 41.6% artaraq 284.71 mln. manata yüksəlib. Həyatın ölüm halından sığorta üzrə haqlar 28.4% artaraq 17.54 mln. manata, ödənişlər isə 17.3% artaraq 1.35 mln. manata çatıb.
Sağalmaz xəstəliklərdən sığorta bazarın ən sürətlə böyüyən seqmentlərindən biri olub. Bu növ üzrə yığımlar 2.1 dəfə artaraq 3.88 mln. manata yüksəlib. Əmək qabiliyyətinin sığortası üzrə isə əksinə, haqlar 26.6% azalaraq 1.22 mln. manata, ödənişlər isə 78.6% azalaraq 44 min manata düşüb.
Şirkətlər arasında liderliyi Paşa Həyat Sığorta qoruyub. Şirkətin sığorta haqları 7.5% artaraq 370.98 mln. manata, ödənişləri isə 35.5% artaraq 240.54 mln. manata çatıb. Şirkət bazarın təxminən 82%-nə nəzarət edir.
Atəşgah Həyat 50.42 mln. manat yığım və 41.74 mln. manat ödənişlə ikinci yerdə qərarlaşıb. Şirkətin ödənişləri illik müqayisədə 88.2% artıb.
Ən yüksək artım tempi Meqa Həyat Sığorta tərəfindən qeydə alınıb. Şirkətin haqları 84.5% artaraq 12.35 mln. manata yüksəlib.
Qala Həyat üzrə yığımlar 11.82 mln. manat təşkil edib, ödənişlər isə 2.6 dəfə artaraq 1.49 mln. manata çatıb. Xalq Həyat isə haqlarını 17.2% artıraraq 4.92 mln. manata yüksəldib, ödənişləri isə 28.2% azalıb.








