2026-cı ilin yanvar-may aylarında avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortas (AVSMMİS) bazarında yığımlar 7.1% artaraq 74.36 mln. manata çatıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Eyni dövrdə sığorta ödənişləri isə daha sürətli – 17.2% artaraq 63.21 mln. manat olub.
Nəticədə bu sığorta növü üzrə zərərlilik nisbəti ötən ilin eyni dövründəki 77.7%-dən 85%-ə yüksəlib. Başqa sözlə, sığortaçıların topladığı hər 100 manat haqqın təxminən 85 manatı zərər hadisələri üzrə ödənişlərə yönəlib..
Müqayisə üçün, ötən ilin ilk beş ayında bu sığorta növü üzrə 69.41 mln. manat sığorta haqqı toplanmış, 53.95 mln. manat ödəniş həyata keçirilmişdi.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının qərarı ilə iyunun 16-dan etibarən uzun illər tətbiq olunan Bonus-Malus sistemi ləğv olunub və onun yerinə Sığorta Tarixçəsi Əmsalı tətbiq edilməyə başlanıb. Yeni mexanizmə əsasən, sığorta haqqı artıq avtomobil sahibinin və ya sürücünün əvvəlki sığorta tarixçəsi və təqsirli yol-nəqliyyat hadisələri nəzərə alınmaqla hesablanır. Əmsal minimum 0.60, maksimum isə 3 səviyyəsində müəyyən edilib. Qəzasız sürücülər növbəti sığorta müqavilələrində endirim əldə edə, təqsirli qəza törədənlərin isə sığorta haqları arta bilər.







