“British American Tobacco” (BAT) əməliyyat xərclərini azaltmaq məqsədilə dünya üzrə 9 min iş yerini ixtisar edəcək. Bu barədə Londonda yerləşən şirkətin bəyanatına istinadən №Financial Times” məlumat yayıb.
Məlumata görə, BAT ilin sonunadək 5,5 min iş yerini ləğv edəcək, daha 3,5 min vəzifəni isə autsorsinqə verəcək. Şirkət siqaretə tələbatın azalması fonunda 2028-ci ilə qədər illik xərclərini 600 milyon funt sterlinq (təxminən $790 milyon) azaltmağı hədəfləyir.
“Dunhill”, “Lucky Strike” və “Rothmans” kimi brendləri ilə tanınan BAT-da dünya üzrə təxminən 47 min nəfər çalışır. İxtisarlar şirkətin ABŞ-dən kənardakı əməkdaşlarını əhatə edəcək.
Bu xəbərlər fonunda BAT-ın səhmləri London fond bazarında ticarətin açılışında 1,3% ucuzlaşıb.







