2026-cı ilin yanvar-may aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə ümumilikdə 943.99 mln. manat (təqribən 555.3 mln. dollar) xərcləyiblər.
Banker.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 280.75 mln. manat və ya 22.9% azdır. 2025-ci ilin ilk beş ayında turistlərin xərcləri 1.22 mlrd. manat təşkil etmişdi.
Turistlərin xərclərinin strukturunda ən böyük pay 430.93 mln. manat ilə nəqliyyat xərclərinə məxsus olub ki, bu da illik müqayisədə 24.3% azalma deməkdir. Yerləşmə xərcləri 171.75 mln. manat təşkil edib və bir il əvvəlki göstəricidən 32.1% az olub. Qidalanmaya çəkilən xərclər 176.71 mln. manat olub ki, bu da illik müqayisədə 20.1% azalma göstərib. Mədəniyyət xidmətlərinə xərclər 5.49 mln. manata enərək 20%, turizm zərfinin alınmasına çəkilən xərclər isə 437.5 min manata düşərək 19.9% azalıb.
Hesabat dövründə Azərbaycana ümumilikdə 871 750 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% azdır. Onlardan 564 237 nəfər turizm məqsədilə ölkəyə gəlib və bu göstərici illik müqayisədə 15.8% azalıb. Digər məqsədlərlə ölkəyə gələnlərin sayı isə 307 513 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.7% azalma deməkdir.
Hesablamalara əsasən, 2026-cı ilin yanvar-may aylarında bir turistin Azərbaycanda orta hesabla çəkdiyi xərc 1 673.5 manat olub. Bu göstərici ötən ilin eyni dövründə 1 827.5 manat təşkil edib. Beləliklə, son bir ildə bir turistə düşən orta xərc 154 manat və ya 8.4% azalıb.
Bu statistika açıqlandıqdan sonra Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, turizmdə uğur artıq yalnız turist sayı ilə ölçülmür. O qeyd edib ki, hazırda əsas meyar dayanıqlı turizm, yaradılan dəyər, təbiətə və icmalara təsirdir.
İqtisadçı-ekspert Elman Sadıqov isə Banker.az-da dərc olunan təhlilində qeyd edib ki, turizm sektorunun uğuru yalnız ölkəyə gələn turistlərin sayı ilə deyil, onların iqtisadiyyata qazandırdığı gəlirlə və ölkədə çəkdikləri xərclərlə qiymətləndirilməlidir. Onun sözlərinə görə, bir sıra ölkələr daha çox vəsait xərcləyən premium seqment turistlərin cəlbinə üstünlük verdiyi üçün turist sayı azalsa belə, turizm gəlirləri arta bilir.
“Ola bilər ki, Sədr bunu haradasa oxuyub, amma bunun Azərbaycana aid olmadığını görə bilməyib”- deyə, Sadıqov yazır.
Lakin Azərbaycanın son statistikası fərqli mənzərə ortaya qoyur. Belə ki, 2026-cı ilin ilk beş ayında ölkədə həm turizm məqsədilə gələn əcnəbilərin sayı 15.8%, həm də onların çəkdiyi ümumi xərclər 22.9% azalıb. Bu isə turist axınının azalması ilə yanaşı, turizm sektoruna daxil olan vəsaitin də azaldığını göstərir.
Elman Sadıqov hesab edir ki, turist sayının azalmasının fonunda turizm gəlirlərinin artması yalnız daha çox xərc edən turistlərin payı yüksəldikdə mümkün olur. Onun fikrincə, Azərbaycanda isə hazırkı statistika həm turist sayının, həm də ölkəyə daxil olan turizm gəlirlərinin eyni vaxtda azaldığını göstərir ki, bu da sektorun səmərəliliyinin yüksəldiyini söyləməyə əsas vermir.







