Özbəkistan-Azərbaycan birgə logistika mərkəzi üçün prioritet məkan olaraq Bakı Beynəlxalq Dəniz Limanının infrastrukturu, Azərbaycanın dəmir yolu şəbəkəsi və Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən əsas beynəlxalq nəqliyyat marşrutları ilə inteqrasiya olunmuş ərazi nəzərdən keçirilir.
Bu barədə Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.
“Birgə logistika mərkəzinin yaradılması Orta Dəhliz çərçivəsində Özbəkistan və Azərbaycan arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı üzrə əsas layihələrdən biridir.
Layihə gələcəkdə Çindən və Mərkəzi Asiyadan Xəzər regionu istiqamətində yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu marşrutunun reallaşdırılması ilə əlaqədar xüsusi aktuallıq kəsb edir. Bu şəraitdə Bakı limanı Orta Dəhliz vasitəsilə yüklərin Avropa bazarlarına çatdırılmasını təmin edən ən mühüm tranzit qovşağına çevrilir”, – nazir müavini deyib.
X. Teşabayevin sözlərinə görə, logistika mərkəzi yüklərin konsolidasiyası, malların saxlanması və emalı, konteynerlərin multimodal aşırılması, həmçinin sürətləndirilmiş gömrük və tranzit rəsmiləşdirilməsi funksiyalarını yerinə yetirəcək. Bu, logistik prosesləri optimallaşdırmağa, tədarükləri daha da proqnozlaşdırılan etməyə, Daşkənd-Bakı marşrutu üzrə yüklərin çatdırılma müddətlərini qısaltmağa və daşımaların rəqabətədavamlılığını artırmağa imkan verəcək.
“Biz bu layihəyə yalnız ikitərəfli təşəbbüs kimi deyil, həm də Asiya və Avropa arasında qarşılıqlı əlaqəliliyin möhkəmləndirilməsinə yönəlmiş formalaşmaqda olan Avrasiya nəqliyyat arxitekturasının mühüm elementi kimi baxırıq”, – o qeyd edib.







