Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, neftin bir barelinin orta qiyməti 2026-cı ildə 89,27 ABŞ dolları, 2027-ci ildə isə 78,70 ABŞ dolları təşkil edəcək. Bu barədə təşkilatın dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair növbəti hesabatında bildirilir.
“2026-cı il iyunun 10-na olan fyuçers bazarlarının məlumatları əsasında hesablanmış neftin orta qiymətinin 2026-cı ildə bir barel üçün 89,27 ABŞ dolları, 2027-ci ildə isə 78,70 ABŞ dolları olacağı gözlənilir”, – deyə hesabatda qeyd olunur. Hesabat müəlliflərinin fikrincə, 2026-cı ilin yekununda neft qiymətləri 31,8% artacaq, 2027-ci ildə isə 11,8% azalacaq. Bu göstəricilər BVF-nin apreldə dərc etdiyi əvvəlki dünya iqtisadiyyatı proqnozu ilə müqayisədə müvafiq olaraq 10,4 faiz bəndi artırılıb və 4,2 faiz bəndi azaldılıb.
BVF ekspertləri bildirirlər ki, “enerji daşıyıcılarının qiymətlərinin müharibədən əvvəlki səviyyədən yüksək qalacağı gözlənilir”. Burada ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəzərdə tutulur. Fondun qiymətləndirməsinə görə, 2026-cı il üçün 89,27 dollarlıq neft qiyməti proqnozu aprel ayındakı qiymətləndirmədən 9% yüksəkdir. BVF həmçinin qeyd edir ki, təbii qazın qiyməti bu il apreldə gözləniləndən 15,5% yüksək olacaq. Fondun hesablamalarına əsasən, 2026-cı ildə qaz qiymətləri ümumilikdə 22% artacaq.







