Kia Corporation-ın ABŞ bölməsi yanğın riski səbəbindən təxminən 463 min avtomobili geri çağırır. Bu barədə CBS News ABŞ-ın Milli Avtomobil Yollarında Hərəkət Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.
Geri çağırılma 2020–2024-cü il buraxılışlı üç cərgəli Kia Telluride krossoverlərini əhatə edir.
NHTSA-nın məlumatına görə, ön oturacağın elektrik tənzimləmə mühərriki tənzimləmə düyməsinin ilişməsi və ya əvvəlki geri çağırılma zamanı aparılmış düzgün olmayan təmir səbəbindən həddindən artıq qıza bilər. Bu isə avtomobil həm dayanacaqda, həm də hərəkət zamanı yanğın riskini artırır.
Təmir işləri başa çatana qədər Kia Telluride sahiblərinə avtomobillərini binalardan uzaqda, açıq ərazidə park etmələri tövsiyə olunub. Dilerlər elektron qoruyucunun (fuse) yenilənməsini müştərilər üçün ödənişsiz həyata keçirəcəklər. Avtomobil sahiblərinə təhlükəsizlik riski ilə bağlı bildirişlər 13 avqust tarixindən etibarən elektron poçt vasitəsilə göndəriləcək.







