Samsung Electronics Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Yonqin şəhərində süni intellekt (AI) çiplərinin istehsalı üzrə zavodunu planlaşdırıldığından bir il əvvəl — 2029-cu ildə istifadəyə verməyi planlaşdırır. Şirkət bu qərarı sürətlə artan tələbatdan geri qalmamaq üçün qəbul edib. Bu barədə bazar ertəsi Reuters agentliyi məlumat yayıb.
Cənubi Koreya hökuməti qarşıdakı beş il ərzində ölkənin çip istehsalı gücünü ikiqat artırmağı hədəfləyir. Bunun üçün Yonqində Samsung və SK Hynix zavodlarının tikintisinin sürətləndirilməsi, həmçinin Kvancu şəhərində yeni çip klasterinin yaradılması nəzərdə tutulur.
İyunun sonunda Cənubi Koreya prezidenti Li Çje Myon biznes nümayəndələrini regionların iqtisadiyyatını Seul aqlomerasiyasının səviyyəsinə çatdırmağa və süni intellekt sahəsində liderlik uğrunda mübarizəni gücləndirməyə çağırmışdı. Samsung və onun yerli rəqibi SK Hynix genişmiqyaslı sənaye strategiyası təqdim edərək istehsal güclərinin artırılmasına 800 trilyon von (təxminən 518,3 milyard dollar) sərmayə yatırmaq niyyətində olduqlarını açıqlayıblar. Bu barədə Reuters sənaye naziri Kim Çun Hvana istinadən məlumat vermişdi.
Kvancu və Cənubi Çolla bölgələrində həyata keçirilməsi planlaşdırılan investisiya layihələrinin dəyəri 5–20 trilyon von həcmində qiymətləndirilir.






