Baş Prokurorluq: “Magna Trans” işi üzrə cinayət hadisəsi müəyyən edilməyib

Baş Prokurorluq yayılmış əsassız iddialarla bağlı açıqlama yayıb.

Banker.az Baş Prokurorluğun məlumatına istinadən xəbər verir ki, vətəndaş Ağasəf İsmayılovun “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı müxtəlif media və sosial şəbəkələrdə səsləndirdiyi iddialar həqiqəti əks etdirmir.

Məlumata görə, İsmayılovun şirkətin əmlakının digər təsisçilər tərəfindən qanunsuz satılması və vəsaitin mənimsənilməsi ilə bağlı müraciəti əsasında cinayət işi başlanılıb və hərtərəfli istintaq aparılıb.

Araşdırma və məhkəmə qərarları nəticəsində müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisə cinayət xarakterli deyil, sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aiddir. Vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkarlanmayıb.

Bu səbəbdən cinayət işi üzrə icraata xitam verilib. İsmayılovun avtobusların oğurlanması ilə bağlı müraciəti də təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.

Baş Prokurorluq media və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər