“Yelo Bank” ASC-nin kredit portfeli ilin ilk yarısında 1,7% artaraq 1,107 milyard manata çatıb.
Banker.az bunu bankın ikinci rüb üzrə maliyyə hesbatına istinadən xəbər verir.
Bankın 2026-cı il iyunun 30-na açıqladığı maliyyə göstəricilərinə əsasən, müştərilərə verilmiş kreditlərin həcmi ilin əvvəlindəki 1,089 milyard manatdan 1,107 milyard manata yüksəlib. Portfelin əsas hissəsini 687,2 milyon manat və ya ümumi kreditlərin 62,1%-ni təşkil edən biznes kreditləri formalaşdırıb. Biznes kreditləri altı ay ərzində 2,0% artıb. İstehlak kreditləri 314 milyon manata enərək 1,1% azalıb, ipoteka və daşınmaz əmlak kreditləri isə 8,2% artaraq 106,1 milyon manata çatıb.
Kredit portfelinin genişlənməsi “Yelo Bank”ın faiz gəlirlərində də əksini tapıb. İlk yarımildə ümumi faiz gəlirləri illik müqayisədə 21,2% artaraq 101,7 milyon manata yüksəlib. Bunun 94,8 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunan faiz gəlirlərinin payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% çoxdur. Banklar və digər maliyyə institutlarına verilmiş kreditlər üzrə faiz gəlirləri isə 78,8% artaraq 890,3 min manata yüksəlib.







