Səhmləri Azərbaycan Beynəlxalq Bankına məxsus olan “Joint Leasing Company” şirkəti rebrendinq prosesini başa çatdırıb. Banker.az xəbər verir ki, Şirkət bundan sonra “Beynəlxalq Lizinq” şirkəti adı altında fəaliyyət göstərəcək. Xatırladaq ki, “Joint Leasing” şirkəti 1999-cu ildə yaradılıb. 2007-ci ildən “Joint Leasing” adı altında fəaliyyət göstərən şirkət bu gün Azərbaycanın ən böyük lizinq şirkətidir.
“Beynəlxalq Lizinq” şirkəti Azərbaycan iqtisadiyyatının bütün sektorları üçün aktivlərin orta müddətli maliyyələşdirilməsi missiyasını yerinə yetirir. Kiçik və orta sahibkarlıq müəssisələrinin ehtiyaclarının təmin edilməsinə xüsusilə böyük diqqət yönəldir.
Şirkətin fəaliyyətinin əhəmiyyətli hissəsi tikinti, kənd təsərrüfatı və emal sektorlarına aiddir. “Beynəlxalq Lizinq” şirkəti öz müştərilərinə müxtəlif yük və minik avtomobillərinin, kənd təsərrüfatı və emal avadanlıqlarının, tibbi və digər hər növ avadanlıqların, tikinti mexanizmlərinin alınması üzrə sərfəli şərtlər təklif edir. Eyni zamanda daşınmaz əmlakın lizinqini həyata keçirir.