“Bank Avrasiya” ASC 2026-cı ilin ilk yarısını aktivlər və kredit portfelində artımla başa vurub. Bankın aktivləri ilin əvvəlindən 1,9% və ya 4 milyon manat artaraq 218,5 milyon manata yüksəlib.
Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, müştərilərə verilmiş kreditlərin həcmi isə 3,7% artaraq 142,3 milyon manata çatıb. Ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfeli 128,3 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 4,0% artım deməkdir.
Kredit portfelinin strukturunda ən yüksək artım istehlak kreditlərində qeydə alınıb. Bu seqment üzrə portfel 12,4% artaraq 26 milyon manata yüksəlib. Daşınmaz əmlak kreditləri 2,6% artımla 60 milyon manata, biznes kreditləri isə 1,3% artaraq 56,3 milyon manata çatıb. Banklar və digər maliyyə institutlarına verilmiş kreditlər də 28,2% artaraq 4,9 milyon manata yüksəlib.
“Bank Avrasiya”da likvid vəsaitlər də artım nümayiş etdirib. Nağd pul vəsaitləri və ekvivalentləri ilin əvvəli ilə müqayisədə 21,3% artaraq 37,2 milyon manata çatıb. Bankın kapitalı 0,9% artaraq 90,8 milyon manata yüksəlib, bölüşdürülməmiş mənfəət isə 6,0% artımla 16,6 milyon manat olub.
Öhdəliklər tərəfdə depozit portfeli 5,3% artaraq 75,3 milyon manata yüksəlib. Bu artım əsasən fiziki şəxslərin depozitləri hesabına formalaşıb. Əhalinin əmanətləri 14,1% artaraq 70 milyon manata çatdığı halda, hüquqi şəxslərin depozitləri 47,7% azalaraq 5,3 milyon manata enib.
Artım fonunda bəzi balans göstəricilərində azalma da qeydə alınıb. Banklar və digər maliyyə institutlarındakı depozitlər 12,4% azalaraq 38,5 milyon manata düşüb. Digər aktivlər 20,2% azalaraq 4,8 milyon manat, əmlak və avadanlıqlar isə 3,2% azalaraq 5,2 milyon manat təşkil edib. Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 0,5% azalaraq 51,3 milyon manata, digər öhdəliklər isə 24,0% azalaraq 1,2 milyon manata enib.
2026-cı ilin ilk yarısını 939 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,7% azdır.







