Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-də direktor dəyişikliyi baş verib.
Banker.az xəbər verir ki, şirkətin direktoru Əliyev Azər Arif oğlu təyin edilib. O, bu vəzifədə İsmayılova Sevda Yunis qızını əvəz edib.
Qeyd edək ki, “Baku Non Ferrous and Foundry Company” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidentidir və əlvan metallar, həmçinin ferroərintilər istehsalı sahəsində fəaliyyət göstərir.
Müəssisənin əlvan metallar və ferroərintilər zavodu 16 noyabr 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Zavodda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal olunur. İnvestisiya dəyəri 51 milyon ABŞ dolları olan müəssisədə 230 nəfərin işlə təmin olunması nəzərdə tutulub.







