Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasının tətbiq edildiyini elan ediblər. Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə bildirib.
“Yəmən Silahlı Qüvvələri ‘mühasirəyə qarşı mühasirə’ prinsipi əsasında Səudiyyə Ərəbistanı üçün dəniz gəmiçiliyinə qadağa qoyulduğunu elan edir. Qərar bu bəyanatın açıqlanması anından qüvvəyə minir”, – deyə o, Telegram kanalında yazıb.
Bəyanatda vurğulanır ki, hərəkat Ər-Riyadın hərəkətlərinə cavab olaraq “hərtərəfli eskalasiya” hüququnu özündə saxlayır. “Silahlı qüvvələr hadisələrin bütün mümkün inkişaf ssenarilərinə tam hazır olduqlarını təsdiqləyirlər. Səudiyyə Ərəbistanının eskalasiya yolu ilə atacağı istənilən düşünülməmiş addıma sərt cavab verəcəyik”, – deyə mətndə bildirilir.
Üsyançılar həmçinin tərəfdarlarını ümumi səfərbərliyi davam etdirməyə çağırıblar.






