ABŞ məhkəməsi Anthropic ilə 1,5 mlrd. dollarlıq barışıq sazişini təsdiqləyib

San-Fransiskonun federal məhkəməsi bir qrup müəllifin Anthropic şirkətinə qarşı qaldırdığı kollektiv iddia üzrə 1,5 milyard dollarlıq barışıq sazişini təsdiqləyib. Müəlliflər şirkəti Claude çat-botunun öyrədilməsi üçün onların kitablarından qanunsuz istifadə etməkdə ittiham edirdilər. Bu barədə Reuters məlumat yayıb.

Agentliyin qeydinə görə, bu, müəllif hüquqları sahiblərinin texnologiya şirkətlərinə qarşı qaldırdığı onlarla iddiadan biridir və ABŞ-də barışıq sazişi ilə yekunlaşan ilk iri məhkəmə işi hesab olunur.

Anthropic-in baş hüquq müşavirinin müavini Aparna Şridhar bildirib: “Biz bu sazişi 2025-ci ildə əldə etdik. Həmin vaxt məhkəmə süni intellektin kitablar üzərində öyrədilməsinin müəllif hüquqları qanunvericiliyinə əsasən vicdanlı istifadə (fair use) sayıldığı barədə mühüm qərar qəbul etmişdi və bu hüquqi yanaşma bu gün də qüvvədədir”.

Müəlliflərin vəkili Castin Nelson isə bunu “tarixi razılaşma” adlandırıb. Onun sözlərinə görə, Anthropic ilə əldə olunan saziş müəllif hüquqları sahəsində tarixdə ən böyük maliyyə kompensasiyası hesab oluna bilər.

Yazıçılar Anthropic-ə qarşı iddianı 2024-cü ildə qaldırmışdılar. Onlar şirkətin süni intellekt modelini öyrətmək üçün kitablarının pirat nüsxələrindən icazəsiz istifadə etdiyini iddia edirdilər. Müəllif və nəşriyyatların bir hissəsi kollektiv iddiaya qoşulmayaraq Anthropic-ə qarşı ayrıca məhkəmə iddiaları qaldırıb və həmin işlər hələ də davam edir.

Mart ayında Anthropic ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) şirkəti milli təhlükəsizlik məsələləri üzrə “qara siyahı”ya salmaq cəhdinə görə nazirliyə qarşı iddia qaldırmışdı.

İyun ayında ABŞ hökuməti Anthropic şirkətini ən qabaqcıl süni intellekt modelləri olan Fable 5 və Mythos 5-ə ABŞ vətəndaşı olmayan bütün xarici istifadəçilərin çıxışını bağlamağa məcbur etmişdi.

Daha sonra amerikalı investor və ABŞ prezidentinin Elm və Texnologiya üzrə Məsləhət Şurasının həmsədri Devid Saks bu qərarı daxili təhlükəsizlik mexanizmlərinin yan keçilməsinə imkan verən boşluğun aşkarlanması ilə izah etmişdi.

İki həftə sonra isə ABŞ hökuməti Anthropic-in ən güclü süni intellekt modeli Mythos 5-ə bəzi Amerika qurumları, o cümlədən iri şirkətlər və dövlət idarələri üçün yenidən çıxış açmışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər