Samsung-un kredit kartını Barclays bankı buraxacaq və kart Visa ödəniş sistemi əsasında fəaliyyət göstərəcək. Bu barədə Wired yazır. Galaxy Card üçün müraciətlərin qəbuluna ABŞ-də 22 iyul 2026-cı ildən başlanacaq. Şirkət kartın digər ölkələrdə istifadəyə veriləcəyini açıqlamayıb.
Kartın virtual versiyası avtomatik olaraq Samsung Wallet-ə əlavə ediləcək, fiziki kart isə təkrar emal olunmuş poladdan hazırlanacaq. Galaxy Card istifadəçiləri Samsung-dan alış-veriş zamanı 5%, Samsung Wallet vasitəsilə ödənişlərdə 3%, striminq xidmətlərinə abunə haqqının ödənilməsində 2%, bütün digər alış-verişlərdə isə 1% keşbek əldə edə biləcəklər.
Bundan əlavə, müştərilər kartı açdıqdan sonra ilk 90 gün ərzində 2 000 dollar xərclədikləri təqdirdə 200 dollar keşbek əldə edəcəklər. Kart sahiblərinə cihazların genişləndirilmiş qorunmasını da əhatə edən Samsung VIP Advantage loyallıq proqramına 20% endirim təqdim olunacaq.
Kartı yalnız Samsung smartfonlarının sahibləri deyil, digər istifadəçilər də əldə edə biləcəklər. Bununla belə, Wired qeyd edir ki, kartın əsas üstünlükləri yalnız şirkətin cihazlarında əlçatan olan Samsung Wallet vasitəsilə ödənişlər zamanı təqdim edilən keşbeklə bağlıdır.
2019-cu ildə Apple da keşbek təklif edən öz kredit kartını – Apple Card-ı təqdim etmişdi. Kart Mastercard ödəniş sistemi əsasında fəaliyyət göstərir.







