ABŞ federal hakimi Paramount Skydance ilə Warner Bros. Discovery-nin 111 milyard dollarlıq sövdələşmə çərçivəsində birləşməsini avqustun 3-dək dayandırıb. Bu barədə Reuters məlumat yayıb.
Kaliforniyanın Oklend şəhərinin dairə hakimi ştatlar koalisiyasının xeyrinə qərar çıxararaq, onların birləşmənin rəqabətə bərpaolunmaz zərər vuracağını “inandırıcı şəkildə sübut etdiklərini” bildirib.
Kaliforniya və Nyu-York, Kolorado, Massaçusets də daxil olmaqla daha 11 ştat iyulun 13-də məhkəməyə müraciət edərək sövdələşmənin bazarın 27%-nə nəzarət edən və kino və televiziya xidmətlərinin qiymətlərini artırmaq imkanına malik media nəhənginin yaranmasına səbəb olacağını bildiriblər. Hakim razılaşıb ki, sövdələşmənin tamamlanması iş yerlərinin ixtisarına və məxfi məlumatların açıqlanmasına gətirib çıxara bilər. Birləşmə sonradan qanunsuz hesab edilərsə, bu nəticələri aradan qaldırmaq çətin olacaq.
Warner Bros. Discovery-nin səhmləri iyulun 20-də ticarətin bağlanışına doğru 3,76% ucuzlaşıb. İyulun 21-də premarketdə isə səhmlər 0,15% bahalaşıb. Paramount Skydance Corporation-ın səhmləri bazar ertəsi 2,06% dəyər itirib, çərşənbə axşamı premarketdə isə 0,35% yüksəlib.
Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms məhkəmənin qərarını “bu birləşmədən zərər görəcək hər kəs üçün mühüm qələbə” adlandırıb. “Bu iş üzrə mübarizənin davamını səbirsizliklə gözləyirəm”, – o bildirib.
Yekun qərar hər iki tərəfin məhkəmədə sübutlarını təqdim etməsindən sonra veriləcək. Paramount nümayəndəsi bildirib ki, bu sübutlar ştatların baş prokurorlarının antiinhisar arqumentlərinin əsassız olduğunu göstərəcək.
Avqustun 3-də hakim sövdələşmənin bir neçə ay davam edə biləcək məhkəmə prosesi müddətində təxirə salınıb-salınmaması ilə bağlı dinləmə keçirəcək. Reuters qeyd edir ki, uzunmüddətli fasilə Paramount Skydance-ə maliyyə zərəri vura bilər. Sentyabrın 30-dan sonra birləşmənin gecikdiyi hər təqvim günü üçün şirkət Warner Bros. səhmdarlarına təxminən 7 milyon dollar ödəməli olacaq.
Əvvəlcə Warner Bros.-u Netflix striminq xidməti almağı planlaşdırırdı. Lakin Paramount Skydance aktivlər üçün 111 milyard dollar təklif etdikdən sonra Netflix fevral ayında mübarizədən çəkilib. Apreldə Warner Bros. Discovery səhmdarları böyük səs çoxluğu ilə Paramount Skydance ilə birləşməni təsdiqləyiblər.
Hollivudun mindən çox nümayəndəsi birləşməyə qarşı çıxaraq, sövdələşmənin kino sənayesinin “bütövlüyünü, müstəqilliyini və müxtəlifliyini” təhlükə altına aldığını bildirib. Bununla belə, ABŞ Ədliyyə Nazirliyi sövdələşməni təsdiqləyərək onun amerikalı istehlakçılara və ya rəqabətə zərər vurmayacağı, əksinə, daha güclü oyunçunun yaranması ilə rəqabəti artıracağı qənaətinə gəlib.
Paramount isə öz növbəsində Netflix-i Warner Bros.-un alınmasına qarşı kampaniya aparmaqda ittiham edib. Şirkət hesab edir ki, striminq xidməti tənzimləyici qurumları və digər maraqlı tərəfləri sövdələşməyə qarşı yönəltməyə çalışır.






