Avropa İttifaqı ölkələri telekommunikasiya şəbəkələrində bəzi təchizatçıların, ilk növbədə Çinin Huawei və ZTE şirkətlərinin avadanlıqlarının istifadəsinə qadağa qoyulacağı təqdirdə 30–40 milyard avro həcmində birbaşa itkilərlə üzləşə bilər. Bu barədə Politico GSMA (Qlobal Mobil Rabitə Sistemi Assosiasiyası) təşkilatının hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, bu məbləğ qadağa tətbiq oluna biləcək təchizatçıların artıq istifadə olunan avadanlıqlarının dəyişdirilməsi üçün tələb olunan xərcləri əks etdirir.
Politico qeyd edir ki, GSMA-nın qiymətləndirməsi Avropa Komissiyasının ilin əvvəlində açıqladığı proqnozdan xeyli yüksəkdir. Komissiyanın hesablamalarına görə, mümkün qadağa yeni siyasətin həyata keçirilməsinin ilk üç ilində 10–13 milyard avroya başa gələcək.
Nəşrin danışdığı ekspertlər isə GSMA-nın hesablamaları ilə razılaşmayıblar. Onların fikrincə, assosiasiya avadanlığın bir hissəsinin istismar müddəti başa çatdığı üçün hər halda yenilənməli olduğunu nəzərə almayıb. Buna görə də həmin xərclər əlavə xərc kimi qiymətləndirilə bilməz.
Ekspertlərin hesablamalarına görə, bu amil nəzərə alındıqda avadanlığın dəyişdirilməsi üzrə xərclər təxminən Avropa Komissiyasının qiymətləndirməsinə uyğun olacaq. Avropa Komissiyası jurnalistlərin sorğusuna cavab olaraq məsələni şərh etməyib.







