Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıb

Avropa İttifaqına üzv 27 ölkənin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıblar. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Yeni paket daha 32 Rusiya bankı ilə əməliyyatların qadağan edilməsini, həmçinin Rusiyaya məhdudiyyətlərdən yan keçməyə kömək edən kriptovalyuta şirkətlərinə, neft treyderlərinə və “kölgə donanması”na xidmət göstərən gəmilərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Bundan əlavə, Aİ Rusiya nefti üçün qiymət tavanının tənzimlənməsi mexanizmini bir il müddətinə dondurmaq qərarına gəlib. Məqsəd Hörmüz boğazının blokadası fonunda dünya neft qiymətlərinin artması nəticəsində Moskvanın əlavə gəlir əldə etməsinin qarşısını almaqdır.

The Guardian yazır ki, razılıq Aİ-nin Yunanıstana güzəştə getməsindən sonra əldə olunub. Daha əvvəl məhdudiyyətlərin qəbulunu bloklayan Yunanıstan Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına tətbiq edilən məhdudiyyətlərdən bir illik istisna əldə edib. Bu istisna Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalına qədər bağlanmış müqavilələrə şamil olunacaq. Xüsusilə, bu qərar Rusiyanın “Yamal LNG” layihəsindən qaz daşıyan böyük Yunanıstan gəmiçilik şirkəti Dynagas-ın fəaliyyətini davam etdirməsinə imkan verəcək.

Ursula fon der Leyenin sözlərinə görə, yeni tədbirlər “Rusiyanın hərbi fəaliyyətinin iqtisadi əsaslarını daha da zəiflətməyə” xidmət edir.

Paketə son dörd ildə ən çox sayda fərdi sanksiya da daxil edilib. Bununla belə, Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş Rusiya vətəndaşlarının Aİ-yə girişinə qadağa qoyulması təklifi hələ qəbul edilməyib. Avropa İttifaqı yalnız bunun üçün zəruri tədbirlərin hazırlanması barədə razılığa gəlib.

Siyasi razılaşmadan sonra Aİ texniki prosedurları başa çatdırmalı və sanksiyaların rəsmi təsdiqi üçün yazılı proseduru işə salmalıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər