ABŞ-nin elektromobil istehsalçısı Tesla (TSLA) səhmləri iyulun 23-də keçirilən hərracların sonunda 15,3% ucuzlaşaraq 319,69 dollara enib. Nəticədə şirkətin bazar kapitallaşması cəmi bir gündə rekord 214,5 milyard dollar azalıb. The Wall Street Journal (WSJ) qeyd edir ki, bu məbləğ hazırda dünyanın istənilən digər avtomobil istehsalçısının bazar dəyərindən çoxdur.
Qəzetin hesablamalarına görə, Tesla-nın səhmləri ilin əvvəlindən bəri təxminən 27% dəyər itirib.
Eniş şirkətin ikinci rüb üzrə maliyyə hesabatını açıqlamasından sonra sürətlənib. Tesla hər səhm üzrə 0,31 dollar düzəliş edilmiş mənfəət əldə etdiyini bildirib. Halbuki Uoll Strit analitikləri 0,51 dollar gözləyirdilər.
Şirkətin düzəliş edilmiş xalis mənfəəti illik müqayisədə 17% azalaraq 1,2 milyard dollara düşüb. Analitiklərin proqnozu isə 1,9 milyard dollar idi.
Bununla yanaşı, avtomobil tədarükü rekord həddə — 480 min ədədə çatıb. Bu fonunda gəlirlər 26% artaraq 28,2 milyard dollara yüksəlib və bazar gözləntilərini üstələyib.
Buna baxmayaraq, Tesla səhmləri kütləvi satış təzyiqi ilə üzləşib.
The Guardian qəzetinin məlumatına görə, investorlarla keçirilən konfrans zamanı İlon Mask son illərdə fəal şəkildə təşviq etdiyi iki layihə — Robotaxi pilotsuz taksi xidməti və Optimus humanoid robotu ilə bağlı sualları cavablandırıb.
Mask hər iki layihəni gələcəkdə demək olar ki, məhdudiyyətsiz gəlir gətirə biləcək inqilabi məhsullar kimi təqdim etsə də, onların tətbiqi vəd ediləndən xeyli ləng gedir. Hazırda Robotaxi xidməti yalnız ABŞ-ın bəzi ərazilərində məhdud rejimdə fəaliyyət göstərir, Optimus robotu isə hələ də kütləvi satışa çıxarılmayıb.
Tesla-nın robototexnika, avtonom nəqliyyat və süni intellekt sahələrinə yönəlməsi böyük investisiyalar tələb edir və bu yatırımlar hələlik sürətli gəlir gətirmir. İkinci rübdə şirkətin kapital xərcləri 5,8 milyard dollara çatıb ki, bu da iki ildən artıq müddətdə ilk dəfə 1,1 milyard dollarlıq mənfi sərbəst pul axınına səbəb olub.
İlon Mask investorlara bildirib ki, onun qiymətləndirməsinə görə, Robotaxi bölməsi şirkətə əhəmiyyətli gəlir gətirməyə ən tez gələn ildən başlayacaq.






