“PAŞA Həyat Sığorta” ilk yarımildə xalis mənfəətini 12% artırıb

“PAŞA Həyat Sığorta” ASC-nin 2026-cı ilin 6 ayı üzrə maliyyə hesabatına əsasən, şirkətin xalis mənfəəti 27,7 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 12% artıb. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 24,6 milyon manat təşkil edib.

Banker.az bunu sığorta şirkətinin yarımillik hesabatına istinadən xəbər verir.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 410 milyon 326 min manat, ümumi xərcləri isə 375 milyon 214 min manat təşkil edib. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə gəlirlər 329 milyon 655 min manat, xərclər isə 297 milyon 665 min manat olub. Beləliklə, gəlirlər 24% artıb, xərclər isə 26% artıb.

Hesabat dövründə əsas sığorta sinifləri (həyatın yaşam sığortası) üzrə sığorta haqları 391,7 milyon manat, digər sığorta sinifləri üzrə isə 29,9 milyon manat təşkil edib. Bir il əvvəlki dövrlə müqayisədə əsas sığorta sinifləri üzrə haqlar 44 milyon manat artıb, digər sığorta sinifləri üzrə isə 13,2 milyon manat azalıb.

Bu sinif daxilində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqları 17,1 milyon manat, sığorta ödənişləri isə 800 min manat azalıb. Ümumilikdə sığorta haqları 421,6 milyon manat, sığorta ödənişləri isə 339,5 milyon manat təşkil edib. Sığorta ödənişlərinin sığorta haqlarına nisbəti kimi hesablanan zərərlilik əmsalı hesabat dövründə 80,5%, bir il əvvəlki dövrdə isə 67,5% olub.

Hesabat dövrünün sonuna “PAŞA Həyat Sığorta”nın investisiya portfeli 651,8 milyon manat təşkil edib, bu da bir il əvvəlki dövrlə müqayisədə 4% artım deməkdir. Portfeldə istiqrazların həcmi 447,6 milyon manata düşüb, depozitlər isə 193 milyon manata çatıb. İnvestisiya gəlirləri 27,6 milyon manat, xalis investisiya mənfəəti isə 27,5 milyon manat təşkil edib ki, bu göstəricilər bir il əvvəlki dövrdəki 23,7 milyon manat və 23,5 milyon manatla müqayisədə müvafiq olaraq 16% və 17% artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər