HMD Global şirkəti Nokia brendi altında klassik dizaynı müasir texnologiyalarla birləşdirən yeni düyməli telefon seriyasını təqdim edib. Yeni xəttə Nokia 200 4G, 210 4G, 215 4G (ikinci buraxılış) və 235 4G (ikinci buraxılış) modelləri daxildir.
Yeniliklərin əsas xüsusiyyəti naviqasiya panelinin mərkəzində yerləşdirilən və süni intellekt köməkçisini aktivləşdirmək üçün nəzərdə tutulan xüsusi düymədir.
Şirkətin bu addımı ənənəvi düyməli telefonları daha funksional etmək məqsədi daşıyır. Bu qərar istifadəçilərin sosial şəbəkələrdə keçirdikləri vaxtı azaltmaq istəyinin artması və “rəqəmsal detoks” tendensiyasının güclənməsi fonunda qəbul edilib. Məqsəd əsas rabitə imkanlarını qorumaqla diqqəti yayındıran funksiyaları minimuma endirməkdir.
Sikey AI tərəfindən hazırlanmış süni intellekt köməkçisi telefonun səsli əmrlərlə idarə olunmasına imkan verir. İstifadəçilər menyuya daxil olmadan zəng edə, zəngli saat qura və ya fənəri yandıra bilirlər. Bundan əlavə, AI sadə sualları cavablandıra, yemək reseptləri təklif edə və ifadələri xarici dillərə tərcümə edə bilir.
Bu funksiyalar ilk 180 gün ərzində pulsuz təqdim olunur. Daha sonra istifadə üçün ödənişli abunə tələb ediləcək.
Texniki baxımdan telefonlar klassik xüsusiyyətlərini qoruyub saxlayır. Qurğular T9 klaviaturası, 3,5 mm qulaqlıq girişi və microSD yaddaş kartı yuvası ilə təchiz olunub. Modellərin əksəriyyətində FM radio və Xpress Chat tətbiqi vasitəsilə videozənglər üçün ön kamera da mövcuddur.
Telefonlarda 4G modulu və sadə internet brauzeri olsa da, müasir mobil tətbiqlər üçün tam dəstək yoxdur. Bu da onların minimal funksiyalı rabitə vasitəsi kimi mövqeyini qoruyur.
Düyməli telefonlarda AI düyməsinin tətbiqi texnologiya ictimaiyyətində birmənalı qarşılanmayıb. Bəzi ekspertlər hesab edirlər ki, çat-botların inteqrasiyası rəqəmsal minimalizm ideyasına ziddir. Buna baxmayaraq, HMD Global yüksək sürətli internetin məhdud və ya bahalı olduğu regionlara yönələrək bu istiqaməti inkişaf etdirməyə davam edir.









