Almaniyanın avtomobil istehsalçısı BMW qənaət proqramı çərçivəsində 2027-ci ilədək dünya üzrə təxminən 8 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu barədə DPA agentliyi şirkətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniyada ştatın azaldılması əsasən əməkdaşların təbii yolla işdən ayrılması, eləcə də kompensasiya ödənilməklə könüllü işdənçıxma proqramı hesabına həyata keçiriləcək. Proqram 2026-cı ilin oktyabrından 2027-ci ilin sonunadək davam edəcək və Almaniyada istehsalatda birbaşa çalışmayan bütün əməkdaşları əhatə edəcək.
BMW-nin təxminən 154 min əməkdaşından 84 mindən çoxu Almaniyada çalışır. Kompensasiya proqramı da məhz bu ölkədə tətbiq ediləcəyi üçün ixtisar olunacaq iş yerlərinin yarıdan çoxunun Almaniyanın müəssisələrinin payına düşəcəyi gözlənilir.
DPA-nın məlumatına görə, proqram seçmə xarakter daşımayacaq və istehsalat sahəsindən kənarda çalışan bütün əməkdaşlar üçün açıq olacaq. İxtisarların şirkətə ümumilikdə neçəyə başa gələcəyi hələ məlum deyil. Bu xərclərin maliyyə hesabatlarında yalnız ilin ikinci yarısında əks olunacağı ehtimal edilir.
BMW-nin maliyyə direktoru Valter Mertl iyunda kapital bazarı iştirakçıları ilə keçirilən konfrans zamanı bildirmişdi ki, restrukturizasiya çərçivəsində birdəfəlik təxminən 1 milyard avro xərc yaranacaq. Lakin bu məbləğin tamamilə işçi ixtisarlarına yönəldilib-yönəldilməyəcəyi dəqiqləşdirilməyib. Şirkət qənaət proqramının həcmini də açıqlamayıb.
BMW uzun müddət Almaniyanın iri avtomobil istehsalçıları arasında genişmiqyaslı ixtisarlardan yayınan son şirkət idi. Ötən il Volkswagen, Mercedes-Benz, Audi və Porsche işçi sayını azaltmaq planlarını elan etmişdilər. Volkswagen-də isə hazırda ikinci ixtisar dalğası ilə bağlı müzakirələr aparılır.
BMW-də işçi sayının azalması hazırkı proqram elan edilməzdən əvvəl də başlamışdı. 2025-ci ilin ortalarından 2026-cı ilin ortalarınadək şirkətin əməkdaşlarının sayı artıq təxminən 2 min nəfər azalıb. Şirkətin 2026-cı il üçün illik proqnozu da əvvəlcədən cüzi azalma nəzərdə tuturdu.
Son illərdə Almaniyanın avtomobil sənayesi böhran dövrünü yaşayır. Bu proses əvvəlcə COVID-19 pandemiyası ilə başlamış, 2022-ci ildən isə enerji daşıyıcılarının qiymətlərinin kəskin bahalaşması, Çin avtomobil istehsalçılarının artan rəqabəti, ABŞ-nin tətbiq etdiyi rüsumlar və Yaxın Şərqdəki böhranın qlobal iqtisadiyyata təsiri nəticəsində daha da dərinləşib.







