Macarıstan Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqlarını bloklayıb

Macarıstan texniki məsləhətləşmələr zamanı Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların iki istiqamət üzrə başlanmasını bloklayıb. Söhbət iqtisadi məsələləri əhatə edən bölmələrdən gedir. Bu barədə Financial Times (FT) yazıb.

Nəşrin məlumatına görə, Budapeşt ötən həftə vahid bazara inteqrasiya, eləcə də daha geniş iqtisadi və sosial siyasətə aid ikinci və üçüncü danışıqlar klasterlərinin açılmasını təxirə salıb. Financial Times qeyd edir ki, bu addım ölkənin keçmiş baş naziri Viktor Orbanın siyasətindən tam imtina etmək istəmədiyini göstərir.

Qəzetin yazdığına görə, Aİ-yə qəbul prosesi altı danışıqlar klasterinə bölünüb. Onların məqsədi namizəd ölkənin qanunvericiliyini Avropa İttifaqının hüquq normalarına uyğunlaşdırmaqdır. Hər növbəti klasterin açılması üçün Aİ-yə üzv olan bütün 27 ölkənin razılığı tələb olunur. Nəşr bildirir ki, Ukrayna altıncı klasterədək irəliləmək üçün tələb olunan şərtləri yerinə yetirib.

Financial Times vurğulayır ki, Ukrayna qanunvericiliyində edilən dəyişikliklərə baxmayaraq, Budapeşt ikinci və üçüncü klasterlər üzrə danışıqların açılmasını təxirə salıb. Macarıstan rəsmisinin sözlərinə görə, Budapeşt Ukrayna üçün hər hansı “sürətləndirilmiş prosedur”a qarşıdır, çünki Kiyev Qərbi Balkan ölkələri ilə müqayisədə daha əlverişli münasibət görməməlidir.

Bununla yanaşı, qəzet yazır ki, Aİ diplomatlarından biri Budapeştin yaratdığı maneələri Ukrayna üçün “kiçik bir sınaq” adlandırıb və onların aradan qaldırılacağını bildirib.

İyunun 4-də Macarıstanın Avropa məsələləri üzrə naziri Yanoş Boka səfirlər səviyyəsində razılıq əldə edildikdən sonra Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasının razılaşdırıldığını açıqlamışdı. O, bu qərarı Ukraynanın Zakarpatyedə yaşayan macar icmasının hüquqları ilə bağlı qanunvericiliyə etdiyi dəyişikliklərlə izah etmişdi.

İyunun 13-də isə Ukrayna Zakarpatyedəki macar icmasının hüquqlarına dair Macarıstanla sazişlər imzalayıb. Kiyev həmin öhdəliklərin icrasını Avropa İttifaqının milli azlıqların hüquqlarının müdafiəsinə dair fəaliyyət planına daxil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər