Kazımov deyir ki, manatın möhkəmlənməsi qiymət artımı təzyiqlərini zəiflədir

Azərbaycan manatının möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanı azaldır.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən press-konfransda deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank inflyasiya proqnozlarını hazırlayarkən bir neçə amili nəzərə alır və mövcud şəraitdə baza ssenarisi üzrə nikbin qiymətləndirmələr saxlanılır.

“İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. Bu baxımdan əsasən kənd təsərrüfatı istehsalçı qiymətlərini izləyirik. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir.

Çox sadə dillə desək, dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri artdıqda dollar indeksi də möhkəmlənir. Dollar indeksinin möhkəmlənməsi isə o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80%-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür”, – deyə Taleh Kazımov bildirib.

Mərkəzi Bankın bu gün açıqladığı pul siyasəti qərarında da qeyd olunub ki, cari ilin ilk altı ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu şəraitdə Mərkəzi Bank alışyönlü valyuta müdaxilələri həyata keçirib və valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və ya 19,5% artaraq 13,8 milyard ABŞ dollarına çatıb.

Azərbaycan Mərkəzi Bankı inflyasiya üzrə proqnozlarını yuxarı yeniləyib. Qurumun iyul proqnozuna görə, illik inflyasiya 2026-cı ilin sonunda 6.1%, 2027-ci ilin iyununda 6%, 2027-ci ilin sonunda isə 5.8% olacaq. Halbuki, may proqnozunda bu göstəricilər müvafiq olaraq 5.9% və 4.5% idi. AMB proqnozun artırılmasını əsasən xarici mənşəli xərc amillərinin güclənməsi ilə izah edir və bildirir ki, bu təsirlərin ortamüddətli dövrdə qalıcı xarakter daşımayacağı gözlənilir. Qurumun baza ssenarisinə əsasən, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən yenidən hədəf diapazonuna qayıdacağı proqnozlaşdırılır.

Qurum həmçinin vurğulayıb ki, növbəti pul siyasəti qərarları qəbul edilərkən inflyasiya proqnozu və makroiqtisadi göstəricilərlə yanaşı, valyuta bazarında gedən proseslər də diqqətdə saxlanılacaq. Mərkəzi Bankın qiymətləndirməsinə görə, qərarlar verilərkən manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da nəzərə alınacaq.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində dəyişməz saxlanılıb. Qurum bildirib ki, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb. Mərkəzi Bankın qiymətləndirməsinə görə, bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişməsi pul siyasətinin sərtləşdirilməsini zəruri etsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi daha yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizinin parametrlərinin dəyişməz saxlanılmasına əsas verib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər