Mərkəzi Bank bildirir ki, manatın üzərindəki möhkəmlənmə təzyiqləri diqqətdə saxlanılacaq

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərini dəyişməz saxladığı son qərarında pul siyasəti ilə bağlı yeni maraqlı bir məqama toxunub. Banker.az xəbər verir ki, AMB cari ilin qalan dövründə faiz dəhlizinə dair qərarların inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası əsasında veriləcəyini bildirib.

Bununla yanaşı, Mərkəzi Bank ilk dəfə olaraq vurğulayıb ki, qərarlar qəbul edilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası ilə yanaşı, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaq.

Relizdə qeyd olunur ki, hazırda valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. 2026-cı ilin ilk altı ayında mübadilə şöbələrində müştərilərdən nağd xarici valyuta alışı satışı 482 milyon ABŞ dolları üstələyib. Bu şəraitdə Mərkəzi Bank valyuta bazarında alışyönlü müdaxilələr həyata keçirib və nəticədə valyuta ehtiyatları ilin əvvəlindən 19,5% artaraq 13,8 milyard ABŞ dollarına çatıb.

Bu yanaşma Mərkəzi Bankın sədri Taleh Kazımovun son müsahibəsində səsləndirdiyi qiymətləndirmələrlə də üst-üstə düşür. O AZTV və APATV-yə müsahibəsində bildirmişdi ki, son 18 ay ərzində valyuta bazarında təklif tələbi üstələyir və bu səbəbdən tənzimləyici manatın həddindən artıq möhkəmlənməsinin qarşısını almaq üçün bazara alışyönlü müdaxilələr edir. Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bank valyuta hərraclarında cəmi 757 milyon ABŞ dolları satdığı halda, eyni dövrdə 1,5 milyard ABŞ dolları həcmində alışyönlü müdaxilə həyata keçirib.

Taleh Kazımov qeyd edib ki, valyuta bazarında mövcud vəziyyət manatın möhkəmlənmə təzyiqləri ilə üzləşdiyini göstərir və Mərkəzi Bankın məqsədi məzənnənin 1,7 manat səviyyəsində sabit qalmasını təmin etməkdir. O, həmçinin vurğulayıb ki, son illərdə əhalinin manata inamı güclənib, dollarlaşma səviyyəsi azalıb və hazırkı şəraitdə məzənnənin dəyişməsi üçün fundamental əsaslar mövcud deyil.

AMB həmçinin bildirib ki, faiz dəhlizinin dəyişməz saxlanılması qərarı inflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsi ilə valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsinin yaratdığı əks təsirlərin bir-birini tarazlaşdırması nəticəsində qəbul edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər