Azərbaycan Mərkəzi Bankının açıqladığı yeni pul siyasəti qərarına əsasən, 2026-cı ilin ötən dövründə ölkənin valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu meyl həm nağd, həm də qeyri-nağd valyuta bazarında müşahidə olunub.
Bankın məlumatına görə, valyuta bazarında tələbin kəskin azalması və təklifin əhəmiyyətli artması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilələr həyata keçirilib. Nəticədə, 2026-cı ilin ötən dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və ya 19,5% artaraq 13,8 milyard ABŞ dollarına yüksəlib. Banker.az-ın hesablamalarına görə, bu 2014-cü ilin noyabr ayından bu tərəfə maksimum səviyyədir. Bu dövrdə ən minimal səviyyə isə 2016-cı ilin fevralın sonundakı 4.03 mlrd. dollardan aşağı düşməsi olub
Açıqlamada qeyd olunur ki, xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin birinci yarısında Azərbaycanın xarici ticarətində 8 milyard ABŞ dollarına yaxın müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar–iyun aylarında pul baratları üzrə saldo ötən ilin eyni dövrü ilə müqayisədə 82,8% artaraq 540,6 milyon ABŞ dolları təşkil edib.
Mərkəzi Bank həmçinin bildirib ki, 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnoz artım istiqamətində yenilənib. Bu, qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqələndirilir.
Qurum vurğulayıb ki, gələcək pul siyasəti qərarları qəbul edilərkən inflyasiya proqnozu, makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin vəziyyəti ilə yanaşı, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaq. Bu AMB-nin press-relizlərində ilk dəfə yer alan siqnaldır.








