Hörmüzün aqibəti necə olacaq?

Qlobal xam neft və neft məhsullarının, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) daşınmalarının təxminən beşdəbirinin keçdiyi Hörmüz boğazı ABŞ və İsrailin fevralın 28-də İrana qarşı müharibəyə başlamasından bəri enerji bazarlarının diqqət mərkəzindədir. Müharibə dövründə neft qiymətlərində dəyişkənlik müşahidə olunub, enerji bazarında LNG çatışmazlığı yaranıb, Avropada isə təbii qaz qiymətləri yay fəsli olmasına baxmayaraq, kəskin artıb. Hazırda enerji bazarının iştirakçıları və investorların diqqəti Hörmüz boğazının gələcək aqibətinə yönəlib.

ABŞ-nin xəzinədarlıq katibi Skott Bessent “CNBC” televiziyasında çıxışı zamanı İranla danışıqların davam etdiyini və Hörmüz boğazının açılması ilə bağlı bu gün və ya sabah razılığa gəlmək ehtimalının olduğunu bildirib. O, İranın boğaz üçün tranzit haqqı alıb-almayacağı ilə bağlı suala cavab olaraq isə razılaşmanın boğazda sərbəst naviqasiyanı təmin edəcəyini deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai isə qeyd edib ki, ölkəsi ABŞ ilə danışıqlar aparmır. “Omanla müzakirələr isə gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi ilə bağlıdır”, – deyə o bildirib.

Hazırda Londonun ICE birjasında “Brent” markalı xam neftin bir bareli 81 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 77 dollardan baha satılır.

Ekspertlərin fikrincə, neft qiymətlərinin bahalaşması davam edən sülh danışıqlarına baxmayaraq, Yaxın Şərqdə münaqişələrin yenidən alovlana biləcəyi ilə bağlı narahatlıqlar və bölgədə təchizat kəsintiləri riskinin artması fonunda baş verir. ABŞ və İran arasında davamlı razılaşma əldə etmək məqsədilə Körfəz ölkələrinin də iştirakı ilə aparılan danışıqlarda konkret nəticələrin olmaması neft qiymətlərini dəstəkləyir. Bölgədəki geosiyasi gərginlik ötən həftədən bəri bir qədər azalsa da, davamlı sülhə doğru müsbət irəliləyişlərin gecikməsi və Tehran administrasiyasından aydın siqnalların olmaması investorların mümkün yeni bir münaqişə ilə bağlı narahatlıqlarını artırır.

“Barclays” şirkətinin analitiklərinin məlumatına görə, iyulun 31-də bitən həftə Hörmüz boğazından xam neft və emal olunmuş məhsulların xalis ixracı gündəlik orta hesabla 4,2 milyon barel təşkil edib. Bu rəqəm əvvəlki həftə sutkada 3,2 milyon barel olub.

Fevralın 28-də ABŞ/İsrail-İran müharibəsi başlamamışdan əvvəl Hörmüzdən gündəlik təxminən 130 ticarət gəmisi keçirdi. Lakin bu rəqəm müharibə zamanı bəzi günlərdə 1-ə qədər azalıb və müharibənin 100 günündə orta hesabla 10 ticarət gəmisi boğazdan keçib. Bəzi dövrlərdə ticarət gəmilərinin hərəkəti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 95 faizdən çox azalıb.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər