AMD Kanadanın Taalas startapını satın alıb. Tərəflər sövdələşmənin məbləğini açıqlamayıblar, lakin bunun yalnız texnologiya və ya komandanın alınması deyil, şirkətin tam satın alınması olduğu bildirilib.
Taalas 2023-cü ildə yaradılıb və fəaliyyətə başladığı vaxtdan indiyədək ümumilikdə 219 milyon dollar investisiya cəlb edib. Startap süni intellekt modellərinin inferensi, yəni artıq öyrədilmiş modellərin işə salınması və istifadəçi sorğularının emalı üçün xüsusi çiplər hazırlayır.
Şirkətin əsas texnologiyası süni intellekt modellərinin çəkilərini və parametrlərini birbaşa prosessorlara inteqrasiya etməyə imkan verir. CNBC-nin məlumatına görə, Taalas çipləri konkret bir süni intellekt modeli üçün sərt şəkildə proqramlaşdırılır. Bu yanaşma müəyyən modellərdə ənənəvi qrafik prosessorlarla müqayisədə minlərlə dəfə daha yüksək məhsuldarlıq təmin edə bilər.
2026-cı ilin fevralında Taalas TSMC-nin 6 nanometrlik texnoloji prosesi ilə istehsal olunmuş ilk sınaq çipi HC1-i təqdim edib. Şirkətin testlərinə əsasən, çip Meta Llama 3.1 8B modeli üzrə sorğuları saniyədə təxminən 17 min token sürəti ilə emal edib. Bu göstərici Nvidia-nın qrafik prosessorlarından 48 dəfə, Cerebras sürətləndiricilərindən isə 8,5 dəfə yüksək olub.
The Register yazır ki, Taalas-ın alınması AMD-yə süni intellekt inferensi bazarında Nvidia ilə rəqabət mövqelərini gücləndirməyə imkan verəcək.
Nvidia da bu istiqamətdə fəal addımlar atır. Şirkət 2025-ci ilin dekabrında neyron şəbəkələrin işini sürətləndirən çiplər hazırlayan Groq startapının aktivlərini 20 milyard dollara alıb.






