Treydinq tarixində dünyanın ən böyük sərvətlərindən bəziləri məhz maliyyə bazarlarında qazanılıb. XX əsrin ikinci yarısında riyaziyyat, statistika, informatika və bazar təcrübəsinin birləşməsi nəticəsində kvant maliyyəsi yarandı və bu sahənin ilk nümayəndələrinə milyardlarla dollar qazandırdı. Onların sayəsində “kvantlar” tədricən bazarın dominant qüvvələrindən birinə çevrildilər.
İqor Tulçinski
Siyahının onuncu pilləsində Forbes-in sərvətini 1,7 milyard dollar qiymətləndirdiyi İqor Tulçinski qərarlaşıb. O, Belarusda doğulub və uşaq yaşlarında ailəsi ilə birlikdə ABŞ-yə köçüb.
Tulçinski kəmiyyət investisiyaları ilə məşğul olan WorldQuant şirkətinin təsisçisi və baş direktorudur. WorldQuant-ın idarə etdiyi aktivlərin həcmi 17 milyard dollardır.
O, Pensilvaniya Universitetində kompüter elmləri üzrə doktorluq dərəcəsi alıb və 2007-ci ildə öz şirkətini yaratmazdan əvvəl treydinq sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Tulçinski WorldQuant-ı sistematik alfa-tədqiqatları ilə məşğul olan dünyanın ən böyük şirkətlərindən birinə çevirib. O, “alfa fabriki” modelinin pionerlərindən biri sayılır. Bu model dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılardan ticarət siqnallarının sistematik şəkildə kraudsorsinq yolu ilə toplanmasına əsaslanır.
Klifford Asness
Doqquzuncu yerdə 6,3 milyard dollarlıq sərvətlə Klifford Asness qərarlaşıb.
O, 187 milyard dollarlıq aktivləri idarə edən AQR Capital Management şirkətinin həmtəsisçisi, idarəedici tərəfdaşı və investisiya direktorudur. Asness 1998-ci ildə AQR-ni yaratmazdan əvvəl Goldman Sachs-da kəmiyyət tədqiqatları ilə məşğul olub.
Asness “faktor investisiyası”nın pionerlərindən biri hesab olunur. Bu yanaşma səhmlərin qiymətləndirilməsi, momentum, keyfiyyət və ölçü kimi akademik olaraq tədqiq edilmiş faktorların genişmiqyaslı investisiya strategiyalarında tətbiqinə əsaslanır.
Corc Soros
Səkkizinci yerdə Forbes-in sərvətini 7,5 milyard dollar qiymətləndirdiyi Corc Soros qərarlaşıb.
O, “İngiltərə Bankını müflis edən adam” kimi tanınır. 1992-ci ildə Soros Britaniya funtunun ucuzlaşmasına oynayaraq bir gündə 1 milyard dollardan çox qazanc əldə edib.
Onun 1970-ci ildə yaratdığı Quantum Fund onilliklər ərzində orta hesabla illik 30%-dən çox gəlirlilik göstərib və müasir hedc-fond sənayesinin formalaşmasına töhfə verib.
Soros sistematik kəmiyyət investisiyaları ilə paralel mövcud olan diskresion makroinvestisiya ənənəsinin nümayəndəsidir.
Onun bazarların “refleksivliyi” nəzəriyyəsi də peşəkar dairələrdə geniş tanınıb. Bu nəzəriyyəyə görə, bazarlar guya proqnozlaşdırdıqları fundamental göstəricilərin özlərinə də təsir göstərirlər.
Stenli Drakenmiller
Yeddinci yerdə 7,8 milyard dollarlıq sərvətlə Stenli Drakenmiller qərarlaşıb.
O, Sorosun Quantum Fund fondunun idarəçilərindən biri olub və 1992-ci ildə Britaniya funtu ilə bağlı məşhur sövdələşmədə Sorosla birlikdə iştirak edib.
Drakenmiller 1981-ci ildə öz investisiya şirkəti Duquesne Capital Management-i yaradıb. 2010-cu ildə isə onu ailə sərvətinin idarə edilməsi ofisinə çevirib.
Duquesne 30 illik fəaliyyəti ərzində orta hesabla 30% və daha yüksək illik gəlirlilik göstərib. Şirkətin bir dəfə də olsun zərərlə başa vurduğu il olmayıb.
Con Overdek və Devid Sigel
Altıncı və beşinci yerləri iki biznes tərəfdaşı — Con Overdek və Devid Sigel tutur. Forbes onların hər birinin sərvətini 8 milyard dollar qiymətləndirir.
Onlar kəmiyyət investisiyalarında ixtisaslaşan və 60 milyard dollarlıq aktivləri idarə edən Two Sigma şirkətinin həmtəsisçiləridir.
Two Sigma-nın ən böyük biznesi qiymətli kağızların qiymətlərini proqnozlaşdırmaq üçün böyük həcmdə məlumatları emal edən, məlumatlara əsaslanan hedc-fonddur.
Overdek və Sigel 2001-ci ildə Two Sigma-nı yaratmazdan əvvəl D.E. Shaw şirkətində çalışıblar.
2024-cü ildə hər iki həmtəsisçi Two Sigma-nın operativ idarəçiliyindən uzaqlaşıb və hazırda Direktorlar Şurasının həmsədrləri vəzifəsini tuturlar.
Pol Tüdor Cons
Dördüncü yerdə 8,1 milyard dollarlıq sərvətlə Pol Tüdor Cons qərarlaşıb.
O, 1980-ci ildə Tudor Investment Corporation investisiya şirkətini yaradıb. Hazırda şirkətin idarə etdiyi aktivlərin həcmi təxminən 17 milyard dollardır.
Pol Tüdor Cons 1987-ci ildə fond bazarındakı çöküşü əvvəlcədən proqnozlaşdırması ilə məşhurlaşıb. Həmin il o, 62% gəlir əldə edib.
O, texniki analizi makroiqtisadi biliklərlə birləşdirir və hər bir qərarında investor psixologiyasını da nəzərə alır.
Milyarder eyni zamanda kapitalın qorunmasına və stop-loss səviyyələrinin sərt şəkildə idarə olunmasına xüsusi önəm verir.
Devid Şou
İlk üçlüyü 8,8 milyard dollarlıq sərvətlə Devid Şou açır.
Kolumbiya Universitetinin keçmiş informatika professoru olan Şou 1988-ci ildə mürəkkəb riyazi modelləşdirmə və alqoritmlərdən istifadəsi ilə tanınan kəmiyyət hedc-fondu D.E. Shaw-u yaradıb.
D.E. Shaw bazardakı ilk iri kvant hedc-fondlarından biri olub və kəmiyyət treydinqi üçün korporativ standartların formalaşmasına ciddi təsir göstərib.
Şirkət sistematik səhm ticarətində sərt statistik metodologiya və kompüter elmlərinə xas intizam tətbiq edib.
Rey Dalio
İkinci yerdə Forbes-in sərvətini 15,4 milyard dollar qiymətləndirdiyi Rey Dalio qərarlaşıb.
O, dünyanın ən böyük hedc-fondlarından biri olan Bridgewater Associates-in təsisçisidir. Şirkətin idarə etdiyi aktivlərin həcmi 92 milyard dollardır.
Dalio 1975-ci ildə Harvard Biznes Məktəbində biznes idarəçiliyi üzrə magistr dərəcəsi aldıqdan sonra Bridgewater şirkətini Nyu-Yorkdakı mənzilində yaradıb.
Dalio “risk pariteti” yanaşmasının və korrelyasiyası zəif olan müxtəlif gəlir mənbələri üzrə sistematik diversifikasiya konsepsiyasının pionerlərindən biri sayılır.
Bridgewater-in Pure Alpha və All Weather strategiyaları institusional aktiv bölgüsü üçün nümunə modellərə çevrilib.
Cim Saymons
Dünyanın ən varlı treyderi isə “kvantların kralı” adlandırılan Cim Saymons olub.
O, eyni zamanda siyahıda vəfat etmiş yeganə şəxsdir. Bununla belə, 2024-cü ildə vəfat etməsindən sonra heç bir treyder Forbes-in 31,4 milyard dollar qiymətləndirdiyi sərvət baxımından Saymonsu ötə bilməyib.
Saymons 1982-ci ildə Renaissance Technologies şirkətini yaradıb. Şirkət daha sonra bazarın ən iri oyunçularından birinə çevrilib və xüsusilə Medallion fondu ilə məşhurlaşıb.
Medallion tarixdə ən davamlı yüksək gəlirlilik nümayiş etdirən fondlardan biri hesab olunur. Fond 1988-ci ildən etibarən təxminən illik 40% səviyyəsində fenomenal gəlirlilik göstərib.
Kəmiyyət ticarət strategiyalarından istifadə edən Saymons bazardakı gizli tendensiyaları uğurla müəyyənləşdirərək böyük mənfəət əldə edib.
Nəhəng məlumat massivlərinin təhlilinə və mürəkkəb alqoritmlərin hazırlanmasına fokuslanması Renaissance Technologies-ə uzun müddət ərzində son dərəcə yüksək rentabellik səviyyəsini qorumağa imkan verib.
Saymons həmçinin ənənəvi maliyyə mütəxəssisləri əvəzinə fizikləri, riyaziyyatçıları və informatika mütəxəssislərini işə götürən ilk böyük maliyyə rəhbərlərindən biri olub.













