“Hər şeyin baş direktoru” Larri Ellison Oracle-ı necə ən böyük süni intellekt infrastrukturu təchizatçısına çevirmək istədi və ən həssas hiperskeyleri yaratdı
81 yaşlı fantastika həvəskarı
21 yanvar 2025-ci ildə, prezident kimi fəaliyyətinin ikinci günündə Donald Tramp ABŞ-də “tarixin ən böyük süni intellekt infrastrukturu layihəsi” adlandırdığı Stargate-i elan etdi. Layihənin iştirakçıları OpenAI, SoftBank, Oracle və BƏƏ-nin MGX investisiya fondu idi.
Başlanğıc mərhələdə investisiyaların həcmi 100 milyard dollar müəyyənləşdirilmişdi və növbəti dörd il ərzində bu məbləğin 500 milyard dollara çatdırılması planlaşdırılırdı. Mətbuat konfransında OpenAI rəhbəri Sem Altman və SoftBank-ın baş direktoru Masayoşi Son iştirak edirdi. Üçüncü şəxs Oracle-ın həmtəsisçisi və Trampın ifadəsi ilə desək, “hər şeyin baş direktoru” Larri Ellison idi.
Layihəyə 1994-cü ildə çəkilmiş eyniadlı “Stargate” elmi-fantastik filminin adı verilmişdi. Filmdə qəhrəmanlar başqa planetə aparan portal aşkarlayırlar. The New York Times yazır ki, Stargate-in də postindustrial dövrdən süni intellekt erasına “portal” rolunu oynaması nəzərdə tutulurdu. Hər birinin sahəsi 46,5 min kvadratmetr olan 20 məlumat mərkəzinin tikilməsi planlaşdırılırdı.
ChatGPT 2022-ci ilin sonunda istifadəyə verildikdən sonra “Silikon Vadisinin qurucu atalarından biri və öz nəslindən hələ də oyunda qalan son şəxslərdən biri” sayılan Ellison sürətlə hərəkət etməyə başladı və bəzilərinin fikrincə, hətta “ehtiyatsız” davrandı. Məqsədi Oracle-ı aparıcı infrastruktur şirkətlərindən birinə çevirmək idi. Stargate isə Ellisonun bu ambisiyalarının zirvəsinə çevrildi.
Onun süni intellekt macəralarının arxasında “astronomik həcmdə” borc vəsaitləri dayanırdı. Kreditorlar məlumat mərkəzləri quran və ən azı nəzəri olaraq insan səviyyəsinə çata bilən süni ümumi intellektin — AGI-nin yaranmasını yaxınlaşdıran şirkətlərə həvəslə pul verirdilər.
“Miqyaslandırma hipotezi”nə görə, süni intellektin inkişafı birbaşa hesablama güclərinin artırılmasından asılıdır. İnvestorların məntiqi də bundan ibarət idi: süni intellekt infrastrukturu üçün nə qədər çox vəsait xərclənsə, gələcəkdə ondan bir o qədər çox pul qazanmaq mümkün olacaq, çünki hesablama güclərinə nəzarət bütün süni intellekt iqtisadiyyatına nəzarət demək olacaq.
Lakin son həftələr investorlar və analitiklər bu yanaşmanın nə dərəcədə əsaslı olduğuna getdikcə daha çox şübhə etməyə başlayıblar. Financial Times-ın hesablamasına görə, 2023-cü ilin əvvəlindən Google, Amazon, Microsoft və Meta kimi dörd ən böyük bulud infrastrukturu şirkətinin kapital xərcləri 1 trilyon dolları keçib.
The Economist-in hesablamalarına görə, bu investisiyaların özünü doğrultması üçün şirkətlərin ildə 2,5 trilyon dollar gəlir əldə etməsi lazımdır. Bu isə hazırda bütün texnologiya sektorunun birlikdə qazandığı gəlirdən çoxdur.
Süni intellekt çağırır
Əsasən korporativ proqram təminatı üzrə ixtisaslaşan Oracle-ın baş direktoru vəzifəsindən Ellison 2014-cü ildə ayrılsa da, texniki direktor kimi şirkətin idarə olunmasındakı təsirini saxladı və maraqlandığı layihələrlə məşğul olmağa davam etdi.
Pandemiya zamanı Ellison Havay adalarındakı Lanai adasına köçdü. Adanın 98%-i 2012-ci ildən ona məxsusdur. O, bir neçə il orada yaşadı və zaman-zaman nüfuzlu qonaqları qəbul etdi. Məsələn, 2021-ci ildə milyarderin ad gününə Salesforce rəhbəri Mark Benioff, Amazon-un qurucusu Ceff Bezos, İsrailin baş naziri Benyamin Netanyahu və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler gəlmişdilər. Ellison “dostu” İlon Mask üçün hətta ayrıca ev tikdirir.
ChatGPT istifadəyə veriləndən sonra iri texnologiya şirkətlərinin rəhbərləri həyəcan təbili çalmağa başladılar. Mark Zukerberq Meta daxilində öz çat-botunun hazırlanmasını tapşırdı, Google-un baş direktoru Sundar Piçai artıq şirkətin gündəlik idarəçiliyindən uzaqlaşmış təsisçilər Larri Peyc və Sergey Brindən kömək istədi, İlon Mask isə OpenAI-yə rəqib kimi xAI startapını yaratmağa başladı. Sonradan xAI SpaceXAI adlandırılaraq SpaceX-in tərkibinə daxil edildi.
Ellison məlumatların idarə olunması sahəsində inqilab etmiş texnoloji vizioner hesab olunurdu. O, kompüterlərin yayılması ilə təhlükəsiz məlumat saxlama, çeşidləmə və analizin şirkətlər və dövlət üçün nə qədər vacib olacağını çoxlarından əvvəl başa düşmüş və bunun üzərində biznes qurmuşdu.
1990-cı illərdə Oracle internet dövrünün yeni tələblərinə uyğunlaşa bildi və bu, Ellisonun 2000-ci ildə qısa müddətə dünyanın ən varlı insanına çevrilməsinə imkan verdi. Lakin süni intellektin yüksəlişi ilə o, “hər şeyin baş direktoru” olaraq qalmaq üçün biznesini yenidən qurmalı idi.
“Süni intellekt tarixdə ən vacib yeni kompüter texnologiyasıdırmı? Əminliklə yalnız bir şeyi deyə bilərəm — bunu tezliklə öyrənəcəyik”.
Larri Ellison, sentyabr 2023-cü il
Oracle-ın yeni strategiyasının mərkəzində məlumat mərkəzləri dayanırdı. Şirkət əvvəlki bir neçə il ərzində süni intellekt modellərinin öyrədilməsi və işə salınması üçün uyğunlaşdırıla bilən bulud infrastrukturu qurmuşdu. Lakin miqyaslandırma hesablama güclərinin həcmindən asılı idi. Bazarda həqiqətən böyük oyunçuya çevrilmək üçün Oracle-a daha çox və daha böyük məlumat mərkəzləri lazım idi.
Bu obyektlərin tikintisi və istismarı çiplərə, serverlərə, soyutma sistemlərinə, fasiləsiz enerji təchizatına, elektrik enerjisinə və suya nəhəng xərclər tələb edirdi. Oracle-ın yeni bazardakı rəqibləri daha böyük və maliyyə baxımından daha güclü olduqları üçün Ellison borc vəsaitlərindən istifadə etmək qərarına gəldi. Amma əvvəlcə gələcək hesablama güclərinə tələbi təmin edəcək ilk iri müştəriləri tapmaq lazım idi.
İlk namizəd İlon Mask oldu. OpenAI-nin həmtəsisçisi olan Mask ChatGPT-nin buraxılmasından üç il əvvəl rəhbərliklə fikir ayrılığı səbəbindən şirkətdən ayrılmışdı. 2024-cü ilin yazında sahibkarlar Texasda xAI üçün “nəhəng” məlumat mərkəzinin tikintisini müzakirə edirdilər. Rəsmi müqaviləni gözləmədən Oracle bu sahə üzrə ixtisaslaşmış Crusoe şirkəti ilə 15 illik müqavilə bağladı və ildə 1 milyard dollar ödəməyi öhdəsinə götürdü.
Lakin Mask və komandası Oracle-ın iş tempindən narazı idi və layihə üzərində daha çox nəzarət istəyirdi. İyula qədər sövdələşmə dağıldı və Mask məlumat mərkəzlərini özü tikmək qərarına gəldi.
Daha sonra Oracle başqa müştəri tapdı — OpenAI. Microsoft həmin vaxta qədər OpenAI-nin eksklüziv hesablama gücü təchizatçısı idi. Lakin tələbat və tikinti xərcləri böyüdükcə Microsoft bir həddən artıq böyük tərəfdaşdan asılı vəziyyətə düşmək istəmədiyi üçün müqavilənin şərtlərini dəyişdi və OpenAI-yə Oracle ilə ayrıca razılaşma bağlamağa icazə verdi.
Ellisonun şirkəti məlumat mərkəzlərini tikmək öhdəliyini üzərinə götürdü və hətta dörd il əvəzinə işi 11 aya yekunlaşdıracağını vəd etdi. Sonradan məhz bu layihə Stargate adlandırıldı.
“Bu, Formula 1-i xatırladır. Finişdə yalnız bir qalib olacaq, amma nəticə hələ müəyyənləşməyib və bir neçə namizəd birinci yer uğrunda mübarizə aparır”.
Larri Ellison, sentyabr 2024-cü il, süni intellekt bazarında dominantlıq uğrunda yarış barədə
Yeni prezident axtarılır
Bu arada siyasətçilər süni intellekt üzərində nəzarət mexanizmi qurmağa çalışırdılar. Co Bayden administrasiyası texnologiyanı yalnız daxili iqtisadi məsələ deyil, həm də geosiyasi amil hesab edirdi. Buna görə 2022-ci ilin payızında ABŞ Nvidia-ya qabaqcıl süni intellekt çiplərini Çinə ixrac etməyi qadağan etdi.
The New York Times jurnalistləri Bayden administrasiyasındakı demokratların məntiqini belə ümumiləşdirirdi: əgər hesablama gücləri qarşıdakı onilliklərdə dünya iqtisadiyyatının formasını müəyyən edəcək “yeni neft”dirsə, Çin və Fars körfəzi ölkələri onun mümkün qədər böyük hissəsini özlərində cəmləşdirməyə çalışacaqlar və bunun üçün kifayət qədər maliyyə resursuna malikdirlər.
Digər ölkələrdə süni intellektin inkişafını məhdudlaşdırmağa yönələn bu siyasi kurs Oracle-ın planları ilə ziddiyyət təşkil edirdi. Şirkət Fars körfəzi ölkələrində çoxsaylı müqavilələr bağlamışdı və Çin ByteDance şirkətinin tərəfdaşı idi. TikTok-un amerikalı istifadəçilərinin məlumatları Oracle buludunda saxlanılırdı.
Siyasətçiləri iki şirkət arasındakı əməkdaşlıq da narahat edirdi. Onlar Çin hökumətinin istəsə, amerikalıların məlumatlarına çıxış əldə edə biləcəyindən ehtiyatlanırdılar.
2024-cü ilin payızında Oracle Malayziyada məlumat mərkəzlərinin tikintisinə 6,5 milyard dollar yatıracağını açıqladı. Bu infrastrukturdakı hesablama gücləri xarici, o cümlədən Çin şirkətlərinə icarəyə verilə bilərdi. Bu da Bayden administrasiyasını narahat edirdi, çünki Oracle faktiki olaraq ABŞ-nin geosiyasi rəqiblərinə süni intellekt ambisiyalarını həyata keçirməkdə yardım edirdi.
Hakimiyyətdəki son ilində Bayden administrasiyası qanun layihəsinin ilkin variantını hazırladı. Sənədə görə, süni intellekt infrastrukturu ilə məşğul olan aparıcı ABŞ şirkətləri xaricdəki layihələr üçün lisenziya almalı və hesablama güclərinin azı yarısını ABŞ-də saxlamalı idilər.
Xaricdə tikinti planları demək olar bütün hiperskeylerlərdə var idi, lakin bu qanun ən ağır zərbəni Oracle-a vurardı. Şirkət Fars körfəzi ölkələrində və Malayziyadakı layihələrindən imtina etməli ola bilərdi. Bayden sənədi 12 yanvar 2025-ci ildə imzaladı və qaydaların mayda qüvvəyə minməsi gözlənilirdi. Lakin bir neçə gün sonra Ağ Evdə prezident dəyişdi.
Ellison respublikaçı Trampı İT şirkətlərinin rəhbərləri arasında bu yanaşma “meynstirim”ə çevrilməzdən xeyli əvvəl dəstəkləməyə başlamışdı və onun seçki kampaniyasına on milyonlarla dollar xərcləmişdi.
Yeni administrasiya Baydenin süni intellekt infrastrukturu ixracını tənzimləyən qaydaları ilə nə edəcəyini uzun müddət müəyyənləşdirə bilmədi. Yalnız onların qüvvəyə minməsinə 48 saat qalmış ABŞ Ticarət Nazirliyi sənədi ləğv etdi.
The New York Times yazır ki, Tramp üçün səbəblərdən biri Fars körfəzi ölkələrinin kəskin narazılığı ola bilərdi. Bu ölkələrə ABŞ çipləri lazım idi və əvəzində onlar Amerika şirkətlərinə, o cümlədən Tramp ailəsi ilə əlaqəli bizneslərə trilyonlarla dollar investisiya yatırmağa hazır idilər.
Elə həmin gün Tramp Səudiyyə Ərəbistanına uçdu və Sem Altmanla birlikdə Stargate UAE layihəsini təqdim etdi. Layihəyə Əbu-Dabidə məlumat klasterlərinin tikintisi və BƏƏ-nin ABŞ-dəki Stargate infrastrukturuna investisiyası daxil idi. Tərəfdaşlar arasında Oracle, Nvidia, Cisco, SoftBank və BƏƏ-nin G42 süni intellekt şirkəti də vardı.
Vədlər müqabilində pul
Bayden administrasiyasının ixrac məhdudiyyətlərinin ləğvi Oracle-a Malayziyadakı məlumat mərkəzinin güclərini kimə təqdim edəcəyini sərbəst müəyyənləşdirmək imkanı verdi. Şirkət müştəriləri barədə məlumat açıqlamasa da, The New York Times SemiAnalysis araşdırma şirkətinin təhlilinə istinadən yazır ki, infrastrukturun böyük hissəsi ByteDance-a ayrılıb.
Qəzetin istinad etdiyi ChinaTalk analitiklərindən birinin hesablamasına görə, Oracle-dan icarəyə götürülən güclər Çinin bütün hesablama resurslarının 22,6%-ni təşkil edir. Lakin jurnalistlər bu rəqəmləri müstəqil şəkildə yoxlaya və təsdiqləyə bilməyiblər.
Oracle-ın bu addımları geosiyasi rəqibə və OpenAI-nin rəqiblərinə yardım kimi görünə bilər. Lakin şirkətdə vəziyyətə başqa cür baxırlar. Oracle hesab edir ki, ABŞ-də Çin üçün ixrac məhdudiyyətlərini əsaslandıracaq qədər hesablama gücü çatışmazlığı yoxdur. Çin gec-tez özünü hesablama resursları ilə təmin etməyin yolunu tapacaq. Oracle-ın məntiqinə görə, bunun ABŞ-nin iştirakı ilə baş verməsi, ABŞ olmadan baş verməsindən daha yaxşıdır.
2025-ci ilin sentyabrına qədər Oracle-ın bağladığı infrastruktur müqavilələrinin ümumi dəyəri 455 milyard dollara çatdı. Bu, cəmi üç ayda üç dəfədən çox artım demək idi. Xəbərdən sonra Oracle səhmləri kəskin bahalaşdı və Ellison yenidən qısa müddətə dünyanın ən varlı insanına çevrildi.
“Süni intellekt Oracle biznesini və bütövlükdə İT sənayesini kökündən dəyişir, baxmayaraq ki, yaxınlaşan sunaminin miqyasını hələ hamı tam dərk etmir”, — deyə həmtəsisçi investorlar qarşısında bildirmişdi.
Maliyyə nəticələrinin açıqlanmasından bir gün sonra The Wall Street Journal OpenAI-nin Oracle ilə əlavə hesablama güclərinin alınması üzrə müqavilə imzaladığını yazdı. Bu güclər 4,5 QVt-a qədər elektrik enerjisi tələb edəcəkdi — təxminən 4 milyon fərdi evin istehlak etdiyi qədər. Sövdələşmənin ümumi dəyəri 300 milyard dollar idi, lakin ödənişlər yalnız 2027-ci ildən başlamalı idi.
Kağız üzərində də olsa, artan gəlirlərə arxalanan Ellison oğlu, Paramount Skydance-in baş direktoru olan Devid Ellisonu Warner Bros. Discovery-ni almaq cəhdində dəstəkləmək qərarına gəldi. Sözügedən media konqlomeratına eyniadlı kinostudiya ilə yanaşı HBO və CNN də daxildir. CNN ilə Trampın da maraqlandığı bildirilirdi.
Sövdələşmənin dəyəri 110 milyard dollar olmalı idi. Məbləğin təxminən yarısına Larri Ellison özü zəmanət verirdi, qalan hissəni isə BƏƏ, Səudiyyə Ərəbistanı və Qətər investorlarının qoyması nəzərdə tutulurdu. 2026-cı ilin iyulunda birləşmə antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı şübhələr səbəbindən 2027-ci ilin martına qədər dayandırıldı.
ABŞ hakimiyyəti ByteDance-ı TikTok-un Amerika biznesinin böyük hissəsini satmağa məcbur etdikdən sonra Oracle, ABŞ investisiya şirkəti Silver Lake və BƏƏ-nin MGX fondu birgə müəssisədə hər biri 15%-lik pay əldə edərək idarəedici investor oldular. ByteDance-da isə 19,9% pay qaldı. Ellisonun şirkəti ABŞ istifadəçilərinin məlumatlarının saxlanmasına cavabdeh olmağa davam etdi.
Borcları qaytarmağın vaxtıdır
Əgər 2025-ci il Ellison üçün triumf ili idisə, jurnalistlərin fikrincə, 2026-cı il daha ağır keçə bilər. Financial Times 2025-ci ilin noyabrında Morgan Stanley-yə istinadən yazmışdı ki, Oracle hiperskeyler yarışının ən zəif iştirakçısıdır və şirkətin borc öhdəlikləri növbəti üç il ərzində demək olar ki, üç dəfə arta bilər.
2026-cı ilin iyununda Oracle 2026-cı maliyyə ilinin dördüncü rübü və bütün il üzrə nəticələrini açıqladı.
Sərbəst pul axını mənfi 23,7 milyard dollar olub.
Maliyyə ilinin sonunda borcun həcmi təxminən 130 milyard dollara çatıb.
Kapital xərcləri 55,7 milyard dollar təşkil edib. Halbuki proqnoz 50 milyard dollar idi. Şirkətin gəliri isə 67,4 milyard dollar olub.
Gələcək məlumat mərkəzi icarə müqavilələri üzrə öhdəliklər 260 milyard dollara çatıb. Onların bəziləri artıq 2027-ci ildə qüvvəyə minəcək.
Həmin ilin iyulunda S&P Global Ratings Oracle-ın kredit reytinqini BBB-dən BBB- səviyyəsinə endirdi. Bununla şirkət qeyri-investisiya dərəcəli, başqa sözlə “zibil” istiqraz kateqoriyasına düşməyə cəmi bir pillə qaldı.
2026-cı maliyyə ilində bulud infrastrukturu Oracle gəlirinin 27%-ni təşkil edib. Analitiklərin proqnozuna görə, 2028-ci ildə bu pay təxminən 60%-ə qədər yüksələ bilər.
Onların fikrincə, Oracle üçün əsas risk OpenAI olaraq qalır. Şirkətin yerinə yetirilməmiş müqavilə öhdəliklərinin təxminən yarısı məhz OpenAI-nin payına düşür. Proqnozlara görə, ChatGPT-nin yaradıcısı 2030-cu ildən əvvəl mənfəətə çıxmaya bilər. OpenAI-nin Anthropic və Çin şirkətləri ilə məcburi rəqabəti də vəziyyəti çətinləşdirir.
Jurnalistlərin daha “heyrətləndirici” adlandırdığı digər göstərici isə risk əmsalıdır — şirkətin borc kapitalının öz kapitalına nisbəti. Oracle-da hər 1 dollar öz vəsaitinə 5 dollar borc düşür. Amazon-da bu nisbət təxminən on dəfə aşağıdır, Alphabet-də isə daha da aşağıdır.
Xərclərin artması fonunda Oracle on minlərlə əməkdaşı — təxminən ştatın 18%-ni — ixtisar edib, səhmlərin qiyməti isə aşağı düşməyə başlayıb.
Bundan başqa, Oracle ABŞ-də məlumat mərkəzlərinin tikintisi ilə bağlı yerli sakinlərin narazılığı ilə də üzləşib.
Miçiqan sakinləri 250 akr, yəni bir kvadrat kilometrdən bir qədər böyük ərazini əhatə edəcək Stargate məlumat mərkəzinin tikintisinə qarşı çıxırlar. Onlar səs-küyün artacağından, enerji qiymətlərinin yüksələcəyindən və su ehtiyatlarının tükənəcəyindən narahatdırlar.
Viskonsin hakimiyyəti isə Oracle-dan məlumat mərkəzinin ehtiyacları üçün elektrik şəbəkəsinin modernləşdirilməsinə yönəldilə biləcək 7 milyard dollarlıq təminat tələb etməyə çalışır. Məqsəd fərdi istehlakçılar üçün elektrik qiymətlərinin sabit qalmasına zəmanət verməkdir.
Süni intellekt bumu yalnız Ellisonun şirkətinə deyil, bütövlükdə ABŞ iqtisadiyyatına stimul verib. Harvard iqtisadçısı Ceyson Furmanın hesablamasına görə, 2025-ci ilin ilk yarısında məlumat mərkəzlərinə və əlaqəli infrastruktura investisiyalar ölkənin ÜDM artımının 92%-ni təmin edib. Bununla belə, həmin investisiyaların özünü nə dərəcədə doğruldacağı hələ də qeyri-müəyyəndir.
Belə şəraitdə hazırkı maliyyə strukturu ilə məlumat mərkəzləri tikmək xüsusilə riskli biznesdir. Çünki sövdələşmələr “son dərəcə mürəkkəb borc və kapital sxemləri” üzərində qurulur, hiperskeylerlər isə eyni zamanda gələcəkdə özlərinə müştəri olacağına ümid etdikləri şirkətlərə böyük məbləğlər yatırırlar.
Əgər həmin şirkətlər çətinliklə üzləşsələr, nəticələr yalnız onların özlərinə deyil, investorlarına da təsir edəcək. ABŞ iqtisadiyyatının artımı getdikcə daha çox süni intellekt infrastrukturu xərclərindən asılı olduğu, süni intellektlə əlaqəli şirkətlərin səhmləri isə artıq S&P 500 indeksinin artımının təxminən yarısını təmin etdiyi üçün onlardan hətta birinin uğursuzluğu çox güman ki, “iqtisadiyyatın digər sektorlarına da yayılacaq”.
Üstəlik, söhbət yalnız ABŞ-dən getmir — süni intellekt layihələrinə dünyanın hər yerində böyük həcmdə investisiyalar yatırılır.
“Süni intellekt hər şeyi dəyişəcək” xəyalının əks üzü maliyyə çöküşü kabusudur. Oracle süni intellekt bumunun barometrinə çevrilib. Bu, ən yüksək borc yükünə malik hiperskeylerdir və onun gələcəyi böyük ölçüdə azsaylı iri müştərilərdən asılıdır.
The New York Times.










