ABŞ konqresmenləri qanun layihələrinin hazırlanmasında süni intellektdən istifadə etməyə başlayıblar. Politico yazır ki, bu üsulla hazırlanan mətnlərin bir çoxunda səhvlər, qeyri-dəqiq ifadələr və qüvvədə olan qanunlara yanlış istinadlar olur.
ABŞ Nümayəndələr Palatasında qanun layihələrinin hazırlanmasında iştirak edən dörd əməkdaş nəşrə bildirib ki, süni intellektdən istifadə getdikcə geniş yayılır. Konqres əməkdaşları və hüquq müdafiə təşkilatları gündəlik işlərində, o cümlədən qanunvericiliyin yoxlanılması və hazırlanmasında belə alətlərə müraciət edirlər.
“Bu, həqiqətən qorxuducudur. Hələlik isə heç kim bunun üzərində ciddi düşünmür”, — deyə Nümayəndələr Palatasının əməkdaşlarından biri bildirib.
Qanunvericilik prosesinə nəzarət edən Nümayəndələr Palatasının Qanunvericilik Şurası İdarəsinin (OLC) əməkdaşlarının sözlərinə görə, süni intellekt vasitəsilə hazırlanmış qaralama mətnləri yoxlamaq və yenidən yazmaq çox vaxt qanun layihəsini sıfırdan hazırlamaqdan daha çox vaxt aparır.
“İnsanlar qanunvericilik mətninin özünü yazmaq üçün Claude və ya ChatGPT-yə müraciət edirlər”, — deyə konqres aparatının əməkdaşlarına bu texnologiya üzrə məsləhət verən şəxslərdən biri bildirib.
American Governance Institute-un icraçı direktoru Daniel Şuman isə deyib ki, süni intellekt bir çox iş üçün faydalı olsa da, qanun kimi qəbul edilməli mətnlərin hazırlanmasında hələ etibarlı deyil.
OLC-nin keçmiş rəhbəri Ueyd Ballu da süni intellektin mühüm hüquqi nüansları nəzərdən qaçırdığını qeyd edib. Məsələn, sistem vergi krediti, vergi çıxılması və qrant arasındakı fərqi düzgün ayırd edə bilməyə bilər. Onun sözlərinə görə, qanun mətnlərindəki səhvlər məhkəmə iddialarına səbəb ola və qanunların qəbulunu gecikdirə bilər.
Politico-nun məlumatına görə, Konqresin əvvəlki çağırışında əməkdaşlar 30 mindən çox qanun layihəsi hazırlayıblar. Hazırkı çağırışın ilk 60 günü ərzində isə OLC 5 623-dən çox sorğu alıb. Bu, iki il əvvəllə müqayisədə 72% çoxdur.
Eyni zamanda OLC öz texnoloji həllərini tətbiq etməyə çalışır. Bunlardan biri Comparative Print Suite adlı alətdir. Təbii dilin emalı texnologiyasına əsaslanan sistem qanun layihəsinin ABŞ Qanunlar Məcəlləsini necə dəyişdirəcəyini göstərir. Tərtibatçıların sözlərinə görə, kommersiya süni intellekt sistemlərindən fərqli olaraq bu alət “hallüsinasiyalar” yaratmır.
Bununla belə, Qanunvericilik Şurası İdarəsinin özündə kommersiya süni intellekt alətlərindən istifadə edilmir. Ekspertlər bunu “tam uyğunsuzluq” adlandırırlar: qanunvericilər və xarici təşkilatlar mətnləri süni intellektlə hazırlaya bilirlər, OLC hüquqşünasları isə yaranan səhvləri əl ilə düzəltməli olurlar.
The New York Times daha əvvəl yazmışdı ki, ABŞ-də süni intellekt bumu ölkənin milli təhlükəsizlik sistemində “sarsıntılar sunamisi” yaradıb. Nəşrin məlumatına görə, Pentaqon imkanları çox sürətlə genişlənən qabaqcıl süni intellekt modelləri ilə ayaqlaşmağa çalışır, lakin bəzi süni intellekt şirkətlərinin məhsullarından hərbi qurumlarda istifadəyə qoyulan məhdudiyyətlər prosesi daha da ləngidir.






