“The Economist”in məşhur indeksinə görə, Azərbaycan manatının ABŞ dollarına qarşı real alıcılıq gücü ilə bazar məzənnəsi arasındakı fərq azalıb, lakin hazırkı məzənnədən hələ də xeyli ucuzdur.
Banker.az xəbər verir ki, “Big Mac” indeksinə əsasən, Azərbaycanda “Big Mac”ın qiyməti hazırda 7,25 manat, ABŞ-da isə 6,22 dollar təşkil edir. Bu qiymətlərə əsasən hesablanan nəzəri məzənnə 1 ABŞ dollarına 1,17 manatdır.
Hazırda dolların rəsmi məzənnəsi 1,70 manat olduğundan, “Big Mac” indeksinə görə Azərbaycan manatı ABŞ dollarına qarşı 31,4% dəyərindən aşağı qiymətləndirilmiş (ingilis dilində: undervalued) hesab olunur.
Müqayisə üçün, 2026-cı ilin yanvarında Azərbaycanda “Big Mac” 6,65 manat, ABŞ-da isə 6,12 dollar olub. Həmin vaxt nəzəri məzənnə 1,09 manat təşkil edib və manatın dollar qarşısında 36,2% dəyərindən aşağı qiymətləndirilib.
Beləliklə, son məlumatlara görə manatın Big Mac indeksində göstərilən dəyərindən aşağı qiymətləndirilməsi ilin əvvəlindən təxminən 4,8 faiz bəndi azalıb. Buna əsasən, Azərbaycanda Big Mac-ın qiyməti yanvardan avqusta qədər 9% bahalaşdığı halda, ABŞ-da qiymət artımı daha məhdud olub.
2025-ci ilin ilk yarısında isə Azərbaycanda “Big Mac”ın qiyməti 6,46 manat, ABŞ-da isə 6,01 dollar olub. Buna əsasən hesablanan nəzəri məzənnə 1 ABŞ dollarına 1,07 manat təşkil edib. Faktiki məzənnə 1,70 manat olduğu üçün Big Mac indeksinə görə manatın 36,8% dəyərindən aşağı qiymətləndirildiyi hesablanıb.
“Big Mac” indeksi “The Economist” tərəfindən valyutaların alıcılıq qabiliyyətinin müqayisəsi üçün istifadə edilən qeyri-rəsmi göstəricidir. İndeks alıcılıq qabiliyyəti pariteti (PPP) yanaşmasına əsaslanır və eyni məhsulun müxtəlif ölkələrdəki qiymətindən çıxış edərək nəzəri valyuta məzənnəsini hesablayır.
Qeyd etmək lazımdır ki, “Big Mac” indeksi valyutanın fundamental və ya “ədalətli” məzənnəsini müəyyən edən rəsmi göstərici deyil. “Big Mac”ın qiymətinə əməkhaqqı, icarə, xammal, logistika, vergilər və yerli bazarın xüsusiyyətləri kimi çoxsaylı amillər təsir edir. Buna görə indeks daha çox valyutaların alıcılıq gücünü müqayisə edən sadələşdirilmiş indikator kimi istifadə olunur.
Adambaşına düşən ÜDM nəzərə alınmaqla hesablanan düzəliş edilmiş indeksə görə də manatın dəyərindən aşağı qiymətləndirilməsi azalıb. 2026-cı ilin iyulunda adambaşına düşən ÜDM fərqi nəzərə alındıqda onun 20,8% ucuz olması gözlənilirdi və bu, manatın 13,5% dəyərindən aşağı qiymətləndirildiyini göstərir. Yanvarda isə bu göstərici 16,2% təşkil edirdi. Beləliklə, ilin əvvəlindən manatın düzəliş edilmiş Big Mac indeksindəki dəyərindən aşağı qiymətləndirlmə 2,7 faiz bəndi azalıb.
İndeksdə ən çox dəyər qazanmış valyuta İsveçrə frankıdır (+49,6%). Onu Uruqvay pesosu (+29,6%) və Norveç kronu (+22,1%) izləyir. Ən çox dəyərindən aşağı qiymətləndirilən valyutalar isə Misir funtu (-57,9%), İndoneziya rupiyası (-57,0%) və Hindistan rupisidir (-56,2%).
AMB MANATLA BAĞLI NƏ DEYİR?
Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi uzun müddətdir yəni 2017-ci ilin martından bu tərəfə 1,70 manat səviyyəsindədir.
Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair press-relizindəki son açıqlaması isə manatın məzənnəsi üzərində əks istiqamətli təzyiqlərin mövcud olduğunu göstərir.
AMB bildirir ki, 2026-cı ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta bazarında müşahidə olunub.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin ilk altı ayında mübadilə şöbələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışdan 482 milyon dollar çox olub.
Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq iyun ayında 25,6%-ə düşüb.
Valyuta bazarında tələbin kəskin azalması və təklifin artması fonunda Mərkəzi Bank alışyönlü müdaxilə həyata keçirib. Bunun nəticəsində qurumun valyuta ehtiyatları 2026-cı ilin əvvəlindən 2,2 milyard dollar və ya 19,5% artaraq 13,8 milyard dollara çatıb.
AMB həmçinin bildirir ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 2026-cı ilin ilk yarısında Azərbaycanın xarici ticarətində 8 milyard dollara yaxın müsbət saldo yaranıb. Yanvar-iyun aylarında pul baratları üzrə saldo isə 540,6 milyon dollar olmaqla, illik müqayisədə 82,8% artıb.
Mərkəzi Bank eyni zamanda manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqinin davamlılığını növbəti faiz qərarlarında nəzərə alacağını açıqlayıb. Qurum bildirib ki, valyuta bazarında təklifin tələbi üstələməsi və yaranan valyuta artıqlığının miqyası pul siyasəti qərarları zamanı diqqətdə saxlanılacaq. Bu, son illərdə ilk dəfə manatın bahalaşması istiqamətində yaranan təzyiqlərin faiz siyasətində ayrıca amil kimi nəzərə alınacağına dair siqnal kimi qiymətləndirilir.







