Anthropic ilk dəfə rüblük gəlirə görə OpenAI-ni keçib — 11,6 milyard dollara qarşı 6,7 milyard dollar

The Wall Street Journal mənbələrə istinadən yazır ki, Anthropic 2026-cı ilin ikinci rübündə ilk dəfə rüblük gəlir göstəricisinə görə OpenAI-ni geridə qoyub.

OpenAI-nin gəliri ikinci rübdə əvvəlki rüblə müqayisədə 18% artaraq 5,7 milyard dollardan 6,7 milyard dollara çatıb. Bununla yanaşı, şirkətin əməliyyat zərəri 9,3 milyard dollardan 12,3 milyard dollara yüksəlib.

Eyni dövrdə Anthropic-in gəliri iki dəfədən çox artaraq 11,6 milyard dollar təşkil edib. Şirkət investorlarına həmçinin “kiçik” əməliyyat mənfəəti əldə etdiyini bildirib. WSJ qeyd edir ki, bununla Anthropic tarixində ilk dəfə OpenAI-ni rüblük gəlir üzrə qabaqlayıb.

Nəşrin məlumatına görə, bu dəyişiklik ChatGPT-nin artım tempinin zəifləməsi və Anthropic-in Claude Code məhsulunun uğuru ilə bağlıdır. Bundan əlavə, korporativ müştərilər bəzi tapşırıqları daha ucuz Çin süni intellekt modellərinə keçirməyə başlayıblar.

OpenAI isə investorlarına bildirib ki, 2026-cı ilin iyulunda yeni modellərin istifadəyə verilməsindən sonra gəlirlərin artım tempi yenidən sürətlənib.

Müqayisə üçün, 2026-cı ilin birinci rübündə OpenAI-nin gəliri Anthropic-in göstəricisindən təxminən 1 milyard dollar çox idi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər