Azərbaycanda regionlara turist axınının stimullaşdırılması məqsədilə əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, həmçinin turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının, o cümlədən keyfiyyətli avtomobil, avtobus və dəmir yolu əlaqəsinin artırılması qarşıya qoyulub.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi nəzərdə tutulub.
Sənəddə dəmir yolu bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası da planlaşdırılır. Əlavə olaraq, turistlər üçün gündəlik, həftəlik və aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması qarşıdakı tədbirlər sırasındadır.
Bundan başqa, regionlarda turizm informasiya xidmətinin genişləndirilməsi müəyyənləşdirilən tədbirlərdən biridir.
Tədbirlər Planında gözlənilən nəticələr sırasında xüsusi rejimli ərazilərdə turizm resurslarından səmərəli istifadə, regionlar üzrə əlçatanlığın artırılması və sərnişindaşıma xidmətlərinin təkmilləşdirilməsi müəyyənləşdirilib.
Eyni zamanda, hava nəqliyyatı ilə Naxçıvan Muxtar Respublikasına turist səfərlərinin təşkili şəraitinin inkişaf etdirilməsi və regionlara səfər edənlərin sayının artırılması gözlənilir.







