Azərbaycanın pomidor ixracı coğrafiyası genişlənir

Azərbaycanın pomidor ixracında 2026-cı ilin ilk yarısında əsas bazar yenə Rusiya olsa da, digər istiqamətlərə də ixrac coğrafiyasının genişlənir.

Banker.az xəbər verir ki, cari ilin birinci yarımilində Azərbaycan 163,85 milyon ABŞ dolları dəyərində 135,64 min ton pomidor ixrac edib. İxracın dəyəri illik 10% artdığı halda, fiziki həcmi 1% azalıb.

İxracın 152,44 milyon dolları və ya təxminən 93%-i Rusiyanın payına düşüb. Azərbaycandan Rusiyaya pomidor ixracının fiziki həcmi illik 2% azalaraq 127,21 min tona düşsə də, dəyəri 7,5% artıb. Beləliklə, Rusiya bazarının ümumi ixracdakı payı ötən ilin ilk yarısındakı təxminən 95%-dən 93%-ə enib. Bu, Rusiyanın dominant mövqeyinin saxlanıldığını, lakin digər bazarların çəkisinin artdığını göstərir.

Rusiya xaricindəki bazarlara pomidor ixracı daha sürətlə böyüyüb. Bu ölkələrə ümumi tədarükün dəyəri 2025-ci ilin ilk yarısındakı təxminən 7,18 milyon dollardan 2026-cı ilin eyni dövründə 11,41 milyon dollara yüksələrək təxminən 59% artıb. Bu artımın əsas mənbələrindən biri Gürcüstan olub: bu ölkəyə ixrac 2,8 dəfə artaraq 3,81 min tona, dəyər ifadəsində isə 2,8 dəfə artaraq 2,72 milyon dollara çatıb.

Ukrayna istiqamətində də kəskin artım qeydə alınıb. Azərbaycandan bu ölkəyə pomidor ixracı 2025-ci ilin ilk yarısındakı 166,7 tondan 2026-cı ildə 1,18 min tona yüksəlib, yəni təxminən 7 dəfə artıb. Dəyər ifadəsində ixrac 187,4 min dollardan 1,43 milyon dollara çataraq 8 dəfədən çox artıb. Polşaya tədarük isə 15% artaraq 736,5 tona, dəyəri 22% artaraq 1,17 milyon dollara yüksəlib.

Belarus da əsas istiqamətlərdən biri olaraq qalır. Belə ki, bu ölkəyə pomidor ixracı 5,7% artaraq 2,4 min tona, dəyəri isə 15% artaraq 5,75 milyon dollara çatıb. 2026-cı ilin ilk yarısında Bolqarıstana 17,9 ton pomidor 19,2 min dollar dəyərində ixrac olunub.

Azərbaycanın pomidor ixracında Rusiya hələ də həlledici bazar olaraq qalır. Lakin son illərin statistikasında ixrac coğrafiyasının tədricən genişləndiyi görünür. Ekspertlər uzun müddətdir bir bazardan asılılığın azaldılmasının vacibliyini vurğulayırdılar.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər