İnvestorlar niyə dollarla bağlı təşvişə düşüb?

Ötən həftə bitcoin dollar qarşısında təxminən 23% bahalaşıb, qızılın qiyməti isə 5% artıb. Avro üçaylıq maksimuma, funt sterlinq isə altıaylıq maksimuma yaxınlaşır. Treyderlər İrana qarşı sanksiyaların detalları və Uorşun çıxışını gözləyirlər. Ticarət gərginliyi Kanada dollarına təzyiq göstərir.

Banker.az xəbər verir ki, Bazar ertəsi ABŞ valyutası çoxaylıq minimumlara yaxın ticarət olunub. Buna ABŞ Maliyyə Nazirliyinin uzunmüddətli istiqrazların geri alışını artırmaq planları, eləcə də treyderlərin İrana qarşı sanksiyaların detalları və ABŞ və Yaponiyanın əsas rəsmilərinin çıxışlarını gözləməsi səbəb olub.

Kanada dolları 0,5% ucuzlaşaraq ABŞ dollarına qarşı 1,3836 səviyyəsinə düşüb. Bu, Vaşinqtonun Kanada mallarına 50%-lik tariflər tətbiq etməsindən sonra baş verib. Ottava da buna analoji tədbirlərlə cavab verib.

Avro gün ərzində cüzi ucuzlaşaraq 1,1665 dollar səviyyəsində ticarət olunub. Bununla belə, ötən həftə qeydə alınan üçaylıq maksimuma yaxın qalıb.

Funt sterlinq 1,3628 dollara düşüb. Cümə günü isə 1,3675 dollarla altıaylıq maksimuma çatmışdı. Yapon yeni zəifləyərək dollar qarşısında 159,25 səviyyəsinə enib.

Bazar günü məlum olub ki, dollar həftə ərzində bitcoinə qarşı 7,2% ucuzlaşıb. Bu, dolların üç il yarımdan çox müddətdə ən böyük həftəlik enişi olub. Buna istiqraz gəlirliliklərinin artmasının ABŞ valyutasına mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar səbəb olub.

Uzunmüddətli istiqrazların gəlirliliyi davamlı iqtisadi artım, inflyasiya gözləntiləri və dövlət borcunun artması fonunda bütün dünyada yüksəlir.

Ötən həftə ABŞ-ın 30 illik istiqrazlarının gəlirliliyi təxminən 20 ilin maksimumuna çatıb. Buna cavab olaraq ABŞ Maliyyə Nazirliyi uzunmüddətli istiqrazların geri alış həcmini iki dəfə artıraraq 4 milyard dollara çatdıracağını açıqlayıb.

32 trilyon dollarlıq istiqraz bazarı ilə müqayisədə bu əməliyyatın həcmi cüzi olsa da, treyderlər arasında narahatlıq yaradıb və dollara mənfi təsir göstərib.

“ADM Investor Services” şirkətinin iqtisadçısı Mark Ostvald Reuters-ə bildirib ki, ABŞ maliyyə nazirinin istiqraz gəlirliliklərinin artımının qarşısını almaq cəhdləri bazarlara təzyiqi gücləndirəcək.

Bu, onların dəyər itirməsi ilə bağlı narahatlıqlar fonunda qızıl və bitcoinin möhkəmlənməsinə gətirib çıxara bilər. İnvestorlar portfellərini diversifikasiya etməyə, vəsaitləri G7 ölkələrinin istiqrazlarından çıxarmağa çalışacaqlar. Ostvald həmçinin qeyd edib ki, heç kim büdcə kəsirinin azaldılması üçün effektiv tədbirlər görmür.

Çin yuanı ötən həftə ardıcıl səkkizinci dəfə bahalaşaraq dollar qarşısında 3,5 ilin maksimumuna — 6,7236 yuan səviyyəsinə çatıb.

Sanksiyalar və Uorşun çıxışı

Bessent Bakı vaxt ilə saat 21:00-da mətbuat konfransı keçirməyi planlaşdırır. O, İrana qarşı “tarixdə ən sərt sanksiyalar” tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Bazarlar onun Çinə qarşı sanksiyaları da açıqlayacağını gözləyir.

İranın xarici işlər naziri ABŞ-ın yeni sanksiyalarla bağlı təhdidini Vaşinqtonun çarəsizliyinin əlaməti kimi qiymətləndirib.

Bazar iştirakçıları ABŞ-da gələcək faiz dərəcələri ilə bağlı da aydınlıq gözləyirlər. Bunun üçün Federal Ehtiyat Sisteminin rəhbəri Kevin Uorşun cümə günü Vayominq ştatının Cekson-Houl şəhərində çıxışı izlənəcək.

Dövlət istiqrazlarının geri alış proqramı ilə bağlı sualların da gündəmə gələcəyi gözlənilir.

“Uorşun balans, müddət təklifi və ya müddət mükafatı ilə bağlı şərhləri uzunmüddətli bazara məlumatların özündən daha güclü təsir göstərə bilər. Lakin onun təmkinli üslubunu nəzərə alaraq, çox şey gözləmirik”, — BNY strateqi Cef Yu bildirib.

Yaponiya Bankının sədr müavini Ryozo Himinonun cümə axşamı çıxışı da diqqətlə izlənilir. Bu çıxış gələn ay keçiriləcək pul-kredit siyasəti iclasının bir növ xəbərçisi kimi qiymətləndirilir. İnvestorlar onun faiz dərəcələrinin artımının sürətlənməsinə qarşı çıxıb-çıxmayacağını gözləyirlər.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər