Bessent niyə “Treasury twist”ə əl atdı və bu niyə çətin ki, kömək etsin?

ABŞ-nin maliyyə naziri Skott Bessent ötən həftə uzunmüddətli dövlət istiqrazlarının geri alışı proqramının genişləndirildiyini elan edərkən bildirmişdi ki, “Treasury twist” həyata keçirməyə, yəni gəlirlilik əyrisini elə “əyməyə” çalışır ki, onun uzunmüddətli hissəsində yüksək gəlirlilik aşağı düşsün.

Problem ondadır ki, bu addım işə yaradı, amma təxminən cəmi bir gün. Bloomberg yazır: “Planın elan edildiyi çərşənbə günü uzunmüddətli istiqrazların gəlirliliyi kəskin azaldı. Sonra isə yenidən əvvəlki səviyyələrə yüksəldi”. Bessentin xüsusi diqqət yetirdiyi əsas göstərici, ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi həftəni 4,73% səviyyəsində başa vurub. Bu göstərici onun maliyyə naziri olduğu dövrdə qeydə alınmış maksimuma yaxın səviyyədədir.

Treasury twist nədir?

Prinsip etibarilə ideya sadədir: ümumi dövlət borcunun həcmini demək olar dəyişmədən, qısamüddətli xəzinədarlıq veksellərinin buraxılması hesabına uzunmüddətli ABŞ xəzinədarlıq istiqrazlarını geri almaq. Bu, bazarda uzunmüddətli borc alətlərinin, başqa sözlə, yüksək dü­rasiyalı aktivlərin təklifini azaldır və bununla investorların faiz dərəcəsi riskinə görə tələb etdikləri risk mükafatını aşağı sala bilər. Nəticədə bazarda qalan uzunmüddətli istiqrazların gəlirliliyi də azala bilər.

Bunun müqabilində dövlət qısamüddətli borclar üzrə yenidən maliyyələşdirmə riskini artırır. Yəni hökumət faktiki olaraq yaxın perspektivdə faiz dərəcələrinin kəskin yüksəlməyəcəyinə və qısamüddətli borcun yenidən maliyyələşdirilməsində problem yaranmayacağına mərc edir.

Bu sxem ilk dəfə 1961-ci ildə Kennedi administrasiyası dövründə, əfsanəvi iqtisadçı Ceyms Tobinin təşəbbüsü ilə, ABŞ iqtisadiyyatının resessiya və tədiyə balansı kəsiri ilə üzləşdiyi bir vaxtda tətbiq edilib. FED 2011–2012-ci illərdə Barak Obama administrasiyası dövründə, ABŞ qlobal maliyyə böhranının uzunmüddətli nəticələrindən çıxmağa çalışarkən bu yanaşmanı yenidən tətbiq edib. Həmin vaxt dövlət borcu portfelinin yenidən balanslaşdırılmasının ümumi həcmi təxminən 700 milyard dollara çatmışdı.

Bu dəfə ABŞ Maliyyə Nazirliyi sentyabrın 9-dan etibarən 10–20 illik və 20–30 illik dövlət istiqrazları seqmentlərində geri alışların həcmini ən azı iki dəfə artıracağını açıqlayıb. Hər əməliyyat üzrə geri alış məbləği minimum 4 milyard dollar olacaq.

Bu niyə işləmir?

Bessentin Treasury twist tətbiq etmək qərarı özlüyündə çox da yaxşı siqnal deyil. Bu sxem iqtisadi baxımdan nəzərəçarpacaq nəticə verə bilər, amma ABŞ-yə uzunmüddətli istiqrazların gəlirliliyinin 5%-dən yuxarı olduğu indiki şəraitdə lazım olan miqyasda deyil.

Araşdırmalara görə, 1961-ci ildə bu siyasətin uzunmüddətli gəlirliliyi azaltmaq üzrə xalis effekti təxminən 0,15 faiz bəndi olub. 2011-ci ildə isə təsir 0,2 faiz bəndindən çox olmayıb. Effektin fond bazarı kimi digər sahələrə ötürülməsi də hər iki halda məhdud qalıb.

Bloomberg qeyd edir ki, Bessentin borclanma xərclərini aşağı salmaq cəhdləri, xüsusilə noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində daha da aktuallaşsa da, onun nəzarət edə bilmədiyi bir sıra iqtisadi problemlərlə üzləşib.

Bunlardan birincisi ABŞ-nin 40 trilyon dollara çatmış rekord dövlət borcunun büdcə kəsiri ilə birləşməsi və digər inkişaf etmiş ölkələrdə də borc yükünün artmasıdır. Bu vəziyyət investorların uzunmüddətli dövlət borcuna görə daha yüksək gəlirlilik tələb etməsinə səbəb olur.

İkinci mühüm amil süni intellektə investisiyaların sürətlə artmasıdır. Böyük texnologiya şirkətlərinin və məlumat mərkəzi operatorlarının nəhəng həcmdə kapital cəlb etməsi istiqraz bazarı ilə investor vəsaitləri uğrunda rəqabəti gücləndirməyə başlayıb.

Digər problem ABŞ-də “yapışqan” inflyasiyadır. Məqalədə qeyd olunur ki, Tramp administrasiyasının İrana müdaxiləsi və yarım il ərzində enerji qiymətlərinin yüksək qalması inflyasiya təzyiqini daha da gücləndirib.

Bundan başqa, FED sədri Kevin Uorşun siyasəti ilə bağlı qeyri-müəyyənlik də bazara təsir edir. Onun ritorikası sərt mövqe ilə ehtiyatlı yanaşma arasında dəyişir və bu da investorların gələcək faiz dərəcələri barədə gözləntilərini qeyri-müəyyən saxlayır.

Bloomberg-in makrostrateqi Elis Andres hesab edir ki, Bessentin nə inflyasiya gözləntilərinə nəzarət etmək üçün real rıçaqları, nə də uzunmüddətli istiqrazların gəlirliliyini inzibati şəkildə aşağı salmaq imkanı var. Onun fikrincə, məhz buna görə Maliyyə Nazirliyi dövriyyədən nisbətən aşağı likvidliyə malik uzunmüddətli istiqrazların bir hissəsini çıxarmaq üçün geri alış proqramını genişləndirir.

“Bessent üçün daha yaxşı olardı ki, investorları bu planın sadəcə gəlirlilik əyrisinin uzaq hissəsini aşağı əyməyə çalışmadığına, həqiqətən də dövlət borcunun strukturunu yaxşılaşdırdığına inandırsın. Əks halda, büdcə kəsirləri ilə nə ediləcəyi aydın olmadan yalnız uzunmüddətli gəlirliliyə təsir göstərməyə çalışmaq kifayət etməyəcək”, – Andres bildirir.

Goldman Sachs analitiklərinin fikrincə isə ABŞ xəzinədarlıq istiqrazlarının gəlirliliyini davamlı şəkildə aşağı salmağın yeganə etibarlı yolu inflyasiyanın daha da zəifləməsidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər