“PAŞA Maliyyə Holdinqi”nə təyinat olub

Banker.az-ın məlumatına əsasən, “PASHA Bank Georgia”nın sabiq baş icraçı direktoru Ramil İmamov “PAŞA Maliyyə Holdinqi” MMC-də (PASHA Financial Holding) Baş icraçı direktorun müşaviri vəzifəsinə təyin edilib.

Ramil İmamov 2023-cü ilin oktyabrından “PASHA Bank Georgia”ya rəhbərlik edib. Onun rəhbərliyi dövründə bankın maliyyə göstəricilərində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2024-cü ilin sonunda bankın aktivləri 33% artaraq 707 milyon lariyə, kredit portfeli 28% artaraq 438 milyon lariyə, depozit portfeli isə 36% artaraq 394 milyon lariyə çatıb. Bank həmin il 8.3 milyon lari xalis mənfəət əldə edib.

İmamov bank sektorunda fəaliyyətinə “Bank of Baku”da Mikro maliyyələşdirmə və ipoteka bölməsində mütəxəssis kimi başlayıb. Daha sonra “Bank Respublika”da filial rəhbəri kimi çalışıb.

2014-cü ildə “Kapital Bank”a keçən Ramil İmamov burada Filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru vəzifəsini tutub. 2018-ci ildə isə bankın Baş pərakəndə satış direktoru təyin edilib və bu vəzifədə satış strategiyalarına və bir sıra pərakəndə bankçılıq istiqamətlərinə rəhbərlik edib. 2018-2023-cü illərdə “Birkart BOKT” MMC-nin Müşahidə Şurasının sədri olub.

İmamov iqtisadi tənzimləmə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.

“PAŞA Maliyyə Holdinqi” barədə

Ramil İmamovun yeni iş yeri olan “PAŞA Maliyyə Holdinqi” “PASHA Holding” MMC-nin maliyyə bizneslərini vahid idarəetmə altında birləşdirən strukturudur. Holdinq 30 dekabr 2025-ci ildə fəaliyyətə başlayıb.

“PAŞA Maliyyə Holdinqi” MMC-in əsas məqsədi “PASHA Holding”in maliyyə şirkətlərini və bankçılıq, sığorta, fintech və e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir. Onun strukturuna hazırda “PAŞA Bank” ASC, “PASHA Bank Georgia”, “PASHA Bank Türkiye”, Bir ekosistemi (Kapital Bank, Competo və PashaPay), “PAŞA Sığorta” ASC, “PAŞA Həyat Sığorta” ASC və “PASHA Technology” MMC daxildir.

“PAŞA Maliyyə Holdinqi” MMCə Baş icraçı direktor kimi Farid Məmmədov rəhbərlik edir. Yeni strukturun yaradılması PASHA Holding-in maliyyə istiqamətindəki bizneslərini ayrıca sub-vertikal altında toplaması çərçivəsində həyata keçirilib.

Ramil İmamov PASHA Bank Georgia-dan ayrılması ilə bağlı paylaşımında bildirib ki, təxminən üç il ərzində bankın transformasiyasına rəhbərlik etmək onun peşəkar həyatının ən böyük çağırışlarından biri olub. O, bu müddətdə bankın davamlı mənfəət əldə etdiyini və gələcək inkişaf üçün güclü baza formalaşdırdığını qeyd edib.

İmamov paylaşımında PASHA Bank Georgia-nın yeni CEO-su və həmkarı Punhan Narimanova uğurlar arzulayıb. O, bundan sonra yeni çağırışlar, imkanlar və uzunmüddətli təsir yaratmaq üçün yeni mərhələyə başladığını bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər