“Azərmaş Group”un mənfəəti 4 dəfəyə yaxın azalıb

“Azərmaş Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 2026-cı ilin ilk yarısını (yanvar-iyun) 1 milyon 525 min  manat xalis mənfəət ilə başa vurub. 2025-ci ilin eyni dövründə şirkətin mənfəəti 6 milyon 59 min manat olub ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın azalma deməkdir.

Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında şirkətin satış gəlirləri 22 milyon 63 min manat, satışların maya dəyəri 18 milyon 91 min manat, ümumi mənfəəti isə 3 milyon 972 min manat təşkil edib. Bu dövrdə MMC-nin inzibati xərcləri 708 min manat, satış və paylanma xərcləri isə 1.44 milyon manat olub. Hesabat dövründə maliyyə xərcləri 284 min manat təşkil etdiyi halda, vergidən əvvəlki mənfəəti 1 milyon 525 min manat olub.

Hesabat dövründə “Azərmaş Group”un cəmi aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 45% kəskin artaraq 47 milyon 425 min manatdan 68 milyon 771 min manata yüksəlib.

Xatırladaq ki, “Azərmaş Group” 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. Şirkətin təsisçisi “Azərmaş” ASC-dir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər