Azərbaycanda fəaliyyət göstərən 100% xarici investisiyalı şirkətin əmlakı dövlət qarşısında yaranmış vergi borcuna görə hərraca çıxarılıb.
Banker.az xəbər verir ki, hərrac elanına əsasən, “İtimat İnşaat Sanayi ve Ticaret Limited Şirketi”nin 0,02376 hektar torpaq sahəsi satışa çıxarılıb.
Əmlak Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6-7 saylı binanın qarşısında yerləşir. Torpaq sahəsinin ilkin satış qiyməti 118.85 min manat müəyyən edilib.
Dövlət Vergi Xidmətinin məlumatlarına görə, şirkətin 25 avqust 2026-cı il tarixinə dövlət qarşısında 3 557,29 manat vergi borcu var.
“İtimat İnşaat Sanayi ve Ticaret Limited Şirketi” Azərbaycanda 21 iyul 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mehmet Furuk Coşkun Fikridir.
“İtimat İnşaat Sanayi ve Ticaret Limited Şirketi” 14 yanvar 1986-cı ildə Türkiyənin Kayseri şəhərində yaradılıb. Şirkət yarandığı gündən Mərkəzi Anadolu, Şərqi Anadolu və Qara dəniz bölgələrində satıcı müştərilərə və podratçılara keramika, santexnika avadanlıqları, armaturlar və digər qurğu-təchizat materiallarının satışı və marketinqi ilə məşğul olub. Bundan əlavə, Kayseridəki mərkəzi mağazası vasitəsilə pərakəndə satış həyata keçirir. Şirkətin Kale Qrupu və ECA brendləri üzrə dilerlik fəaliyyətinin olduğu bildirilir. Azərbaycanda isə şirkət 1994-cü ildə 100% xarici investisiyalı müəssisə kimi dövlət qeydiyyatına alınıb.







